Qeyri-Bank

«Banklar üçün tələblər BOKT-lara da - TƏTBİQ EDİLMƏMƏLİDİR» - AÇIQLAMA

«Banklar üçün tələblər BOKT-lara da - TƏTBİQ EDİLMƏMƏLİDİR» - AÇIQLAMA | FED.az
11:35 8 Noy 2019

Azərbaycanda biznes kreditlərinin verilməsi ilə bağlı banklar qarşısında qoyulan tələblərin bütün maliyyə qurumlarına, o cümlədən BOKT-lara da tətbiq edilməsi biznesin kreditləşməsinə mane olur.

Bu barədə FED.az-a geniş müsahibəsində Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Cəlal Əliyev və mikromaliyyələşmə üzrə ekspert Nazim  Əliyev bildirib.

Eləcə də bax: Banklar, BOKT-lar, kredit ittifaqları – QRAFİKLƏR

Ekspertlərin sözlərinə görə, banklar və mikromaliyyələşmə təşkilatları fərqli xidmətlər göstərib, fərqli təbəqə ilə işlədiklərinə görə, banklara tətbiq edilən risk alətlərinin və tələblərin BOKT-lara da tətbiq edilməsi BOKT-ların fəaliyyətini məhdudlaşdırır, nəticədə kiçik və orta sahibkarlığın kreditləşməsində problem yaradır.

Nazim Əliyev bildirib ki, 2008 ildən sonra Azərbaycanda banklara tətbiq olunan tələblər və qanunvericilik mikromaliyyə qurumlarına tətbiq olunduqdan sonra mikromaliyyənin formalaşmamış sahibkarlıq subyektlərinə çıxışları getdikcə məhdudlaşmağa başladı: «Mikroiqtisadiyyatı inkişaf etdirmək istəyiriksə, bu qurumlar, milyonlarla əsas vəsaiti və çeşidli xidmət imkanları olan banklarla eyni tərzdə tənzimlənməməlidirlər».

Nazim Əliyevin sözlərinə görə, kommersiya bankları üçün isə bu tənzimlənmə tələbləri başa düşüləndir: «Çünki əvvəla onlar depozitləri, cari hesablarda olan vəsaitləri idarə edirlər, dövlət fondlarından cəlb edilmiş vəsaitlərlə işləyirlər, başqa bir tərəfdən də artıq formalaşmış sahibkarlarla işləməlidirlər». 

«Amma bank olmayan kredit təşkilatlarını milyonlarla əsas kapitalı olan və diqqətləri bütün iqtisadiyyata yönəlməli olan banklar kimi iri maliyyə qurumları ilə eyni tutaraq eyni tənzimləyici normaları tətbiq etmək doğru deyildir»-deyə ekspert bildirir.

Cəlal Əliyev də bildirir ki, maliyyə sistemində kommersiya bankları və BOKT-ların rolu və yaratdığı risklər tamamilə fərqlidir: «Əgər maliyyə qurumu (yəni bank – FED.az) əhalidən depozit cəlb edirsə, əmanət və cari hesablara xidmət göstərirsə, bu halda onların prudensial tənzimlənməsi, ayrıca olaraq kredit siyasətləri ilə bağlı tələblərin sərt olması başa düşüləndir. BOKT-ların isə əhalidən depozitlər qəbul etməsi qanunla qadağan olunduğundan BOKT-lər əmanətlərin idarə edilməsi ilə bağlı risk yaradıcı qurum deyildirlər. Həmçinin, bank olmayan kredit təşkilatlarına hesablaşma-kassa xidmətləri, pul köçürmə xidmətləri göstərməkləri də qadağan edildiyindən, deməli bu təşkilatlarda vətəndaşların cari hesabları və hesab qalıqları da olmadığından belə vəsaitlərlə bağlı da risklər mövcud deyildir».

C.Əliyev bildirir ki, banklardan fərqli olaraq BOKT-lar əsasən öz təsisçilərinin (səhmdarlarının) və investorlarının vəsaitləri ilə kreditləşdirmə həyata keçirirlər: «Ona görə də, bank olmayan kredit təşkilatlarının hələ tam formalaşmamış və ya formalaşmasının ilk mərhələsində olan, dayanıqlı olmayan sahibkarlıq subyektlərinə kreditlər verməsi sistem əhəmiyyətli ciddi risklər yaratmayacaqdır».  

Digər xəbərlər