Sənaye

Türkiyə Azərbaycanda qızıl və mis çıxarmaq istəyir - TOPLANTI

Türkiyə Azərbaycanda qızıl və mis çıxarmaq istəyir - TOPLANTI | FED.az
09:59 19 Fev 2021

Dünən Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair 11 sənəd imzalanıb.

Eləcə də bax: Ankarada Azərbaycan-Türkiyə biznes forumu - Keçirilir

FED.az xəbər verir ki, sənədlər Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumunun yekunları üzrə iki ölkənin təşkilatları və işgüzar dairələri arasında imzalanıb. Bu sənədlər arasında Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Eti Bakır AS” və “Artvin Maden İsletlemeri” şirkətləri arasında faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da var. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Cengiz Holding"in İdarə Heyətinin sədri Mehmet Cengiz imzalayıblar.

M.Cabbarov sənədin imzalanması mərasimindən əvvəl bildirib ki, memorandum Azərbaycanla Türkiyə arasında dağ-mədən sənayesi sahəsində əməkdaşlığı və qızıl və mis yataqlarının işlənilməsinin təmin edilməsini nəzərdə tutur.

Bundan başqa, “STS Holding” (Azərbaycan) və “Zorlu Holding” (Türkiyə) arasında kənd təsərrüfatı, inşaat və tekstil sənayesi kimi sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi haqqında niyyət sazişi imzalanıb.

Eyni zamanda, “CTC Holding” "Varnet Cam" şirkəti ilə Azərbaycanda "ağıllı" istixananın tikintisi layihəsinin həyata keçirilməsinə dair saziş imzalayıb.

“CTC Holding” və “Aslan Yapı” arasında kənd təsərrüfatı, tikinti və məişət texnikası sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub.

“AS Group Investment” (Azərbaycan) və “Reta Line Mimarlık Muhendislik Insaat” (Türkiyə) memarlıq və layihələndirmə sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.

“BETEKS” və “Kocaklar” şirkətləri Azərbaycanda "Koton" və "DeFacto" markalı malların istehsalı haqqında saziş imzalayıblar, Bakı Tekstil Fabriki ilə “Baku Orme” arasında parça boyama və trikotaj sahəsində fəaliyyət göstərəcək 4 birgə istehsal müəssisəsinin yaradılması barədə razılıq əldə edilib.

Bundan əlavə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Bursa Ticarət-Sənaye Palatası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Bununla yanaşı, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası ilə Beynəlxalq İnvestisiya və Biznes Konfederasiyası arasında qadın sahibkarlığının inkişafına dair Anlaşma Memorandumu imzalanıb. 

Banner
Banner

Digər xəbərlər