Banner

Sığorta

"Almaniyada tibbi sığorta belə işləyir" - MÜSAHİBƏ

"Almaniyada tibbi sığorta belə işləyir" - MÜSAHİBƏ | FED.az
09:59 25 Noy 2019

İnkişaf etmiş ölkələrdə sığortanın insanların həyatında nə qədər mühüm rol oynadığını demək artıqdır. Sığorta sistemi ən inkişaf etmiş ölkələrdən biri Almaniyadır. Bu ölkənin sığorta sisteminin təfərrüatlarını və insanların ondan necə faydalandığını bu ölkədə, daha dəqiqi, hər il ənənəvi Dünya Sığorta Forumunun keçirildiyi Baden Baden şəhərində yaşayan həmyerlimiz, ixtisasca hüquqşünas Vidadi Şamayılov açıqlayır. FED.az Fins.az-a istinadən V.Şamayılovla müsahibəni təqdim edir.

Eləcə də bax: İcbari tibbi sığortanın tətbiqi – VAXTI DƏYİŞİR – RƏSMİ AÇIQLANDI

- Vidadi müəllim, Almaniyada yerli vətəndaşlar və miqrantlar nədən sığotalanırlar?

- Almaniyada sığorta ilə münasibətdə alman vətəndaşı ilə yaşamaq izni olan xarici vətəndaş arasında heç bir fərq yoxdur. Bütün fiziki şəxslər sığortalanmalıdır. əgər işləyirsə, iş yerindən, işləmirsə, dövlətin hesabına, daha dəqiqi sosial müdafiə qurumlarının hesabına (hansı qurumdan ki, işsizliyə görə müavinət alır) sığortalanır.
Ümumiyyətlə, Almaniyada yaşayan vətəndaşların demək olar hamısı ilk növbədə tibbi sığorta, ikincisi, pensiya sığortası, yəni sosial sığorta, üçüncüsü, mülki məsuliyyətin sığortası ilə sığortalanırlar.


"Bir nəfərin tibbi sığorta haqqı ödəməsi kifayətdir ki, ailənin bütün üzvləri ondan istifadə etsin"

- Tibbi sığortadan başlayaq - bu hamıda olmalıdır?

- Bəli, tibbi sığorta hökmən olmalıdır. Əgər vətəndaş işləyirsə, tibbi sığorta haqqının bir hissəsini özü, qalan hissəsini onun işlədiyi təşkilat ödəyir. Əgər işləmirsə, sosial qurum hesabına edilir.

- Tibbi sığorta haqqı nə qədərdir?

- Tibbi sığorta haqqı əmək haqqının məbləğindən asılıdır və əmək haqqının 15,5%-ni təşkil edir. Bu məbləğ hər ay ödənilir. Özü də ailədə neçə nəfər işləyirsə, onların hamısı tibbi sığorta haqqını ödəməlidirlər. Hamısı da bu sığortadan istifadə edirlər.

- Tutaq ki, ailənin 3 üzvü var, amma bir nəfər işləyir. Bu zaman sığorta haqqı necə toplanır?
- Yalnız işləyənin maaşından, onun 15,5%-i qədər sığorta haqqı tutulur.

- Ailənin digər üzvləri bu sığortadan istifadə edə bilərlərmi?

- Əlbəttə, baxmayaraq ki, ailədə tibbi sığorta pulunu cəmi bir nəfər ödəyir, ailənin bütün üzvləri bu sığortadan tam faydalana bilərlər.

"Hər ay tibbi sığortaya 600 avro ödəyirəm"

- Sığorta yalnız maaşdan hesablanır. yoxsa bütün gəlirdən tutulur?

- Ümumiyyətlə, sığorta haqqı bütün gəlirdən tutulur. Yəni əgər vətəndaş işləyirsə, və ayrıca gəliri də varsa, həm maaşından, həm də kənar gəlirdən tutulur. Hamısından 15,5%.

- Məsələn, sizin ailədə tibbi sığorta haqqı necə ödənilir?

- Mən və mənim həyat yoldaşım, hər ay maaşımızın 15,5%-i qədər sığorta haqqı ödəyirik. Bizim aylıq əmək haqqımız təqribən 2 min avrodur, deməli, hər birimiz ayda təqribən 300 avro tibbi sığorta haqqı ödəyirik.

- Ayda 600 avro, ildə təqribən 7200 avro. Siz tibbi sığortaya ildə bu qədər vəsait ödəyirsiniz?

- Bəli və bu sığortadan bizim ailənin bütün üzavləri istifadə edə bilir. Böyüklər, yəni biz və 3 övladımız.

"Tibbi sığortanın hesabına ən bahalı əməliyyatlar da bizim üçün pulsuzdur"

- Bu tibbi sığortaya nə daxildir? Yəni onun vasitəsilə hansı xidmətləri pulsuz almaq olar?

- Bura demək olar ki, bütün müayinələr, bütün müalicələr və bütün əməliyyatlar aiddir. Məsələn bu il həm həyat yoldaşım, həm də qızım xəstəxanaya müraciət etməli oldular, birində cərrahiyə əməliyatı aparıldı. Əməliyyatın pulu tibbi sığortanın hesabına ödənildi. Həm əməliyyat, həm də digər xidmətlər ümumilikdə 4 min avroya başa gəldi, amma bizdən 3 gün xəstəxanada qalmağın pulu, yəni təqribən 10 avro pul istənildi. Qalan vəsait tibbi sığorta vasitəsilə ödənildi.

- Tibbi sığorta çox yüksək qiyməti olan əməliyyatları da əhatə edir?

- Bəli, fərqi yoxdur. Bütün əməliyatlar tibbi sığrta vasitəsilə həyata keçirilir. Əgər xəstənin əməliyata ehtiyacı varsa, bu əməliyat aparılır və heç kim artıq sual vermir.

- Tibbi sığorta hamıda eynidir, yoxsa onun fərqli formaları da var?

- Əgər ailədə adambaşına düşən orta aylıq gəliriniz 3950 avrodan yüksəkdirsə, siz tibbi xidmətlərin bir hissəsini özəl tibbi sığorta vasitəsilə əldə etməlisiniz. Yəni qismən özəl tibbi sığortaya keçməlisiniz.

- Bu məcburidir? Bəlkə vətəndaş özəl tibbi sığortadan istifadə etmək istəmir.

- Məcburidir - gəliri bu həddən yüksək olanlar tibbi xidmətlərin bir hissəsini özəl tibbi sığorta ilə almalıdırlar. Bu zaman həm sığorta şirkətlərinin hüquqları qorunur, həm də rəqabət yaranır.

"Özəl tibbi sığortanın müştəriləri həkimi özləri seçirlər"

- Özəl tibbi sığorta adi sığortadan nə ilə fərqlənir?

- Bunlar bir qədər fərqlənir. Məsələn, dövlətin tibbi sığortası ilə sığortalananlar xəstəxanaya gələndə hamı kimi növbəyə dayanmalıdır - növbəsi çatanda müayinəyə, müalicəyə və ya əməliyyata keçir. Dövlət sığortasından istifadə edənlərin həkimləri seçmək hüququ da yoxdur - növbələrinə hansı həkim çıxarsa müalicəni və ya müayinəni, eləcə də əməliyyatı o aparacaq. Özəl tibbi sığortada isə vəziyət başqadır. Bu sığortanın istifadəçiləri həkimi seçə bilərlər və növbədə dayanmırlar.

Bundan başqa, dövlət sığortasının istifadəçiləri əməliyyat gününü təyin edə bilməzlər - onların növbəsi nə vaxt çatsa, o vaxt əməliyat olunacaqlar - təbii ki, əgər söhbət təcili əməliyyatlardan getmirsə. Özəl sığorta istifadəçiləri isə səhhətləri imkan verirsə, əməliyyat gününü də özləri seçə bilərlər.

- Dediniz ki, özəl sığorta istifadəçiləri istədikləri həkimi seçə bilərlər. Yəni onların seçimi hansı ərazini əhatə edir? Onlar xəstəxanada, şəhərdə, yoxsa ümumiyyətlə ölkədə istədikləri həkimi seçə bilərlər?

- Hər bir variant mümkündür. Bunların hamısı sığorta müqaviləsində qeyd edilir.

- Özəl tibbi sığortadan hamı istifadə edə bilər? Yoxsa yalnız gəliri yüksək olanlar?

- Əslində istənilən şəxs istifadə edə bilər - bunun üçün sadəcə tələb olunan sığorta haqqını ödəyirsən. Amma bu sadəcə sərfəli deyil. Özəl tibbi sığorta çox bahadır. Ona görə də insanlar ilk növbədə dövlət tibbi sığortasına üstünlük verirlər.

- Özəl tibb sığorta dövlət sığortasından fərqli olaraq əlavə xidmət təklif edir?

- Əlbəttə. Məsələn, stomatologiyada - dövlət sığortası hesabına yalnız dişləri çəkdirmək və ildə bir-iki dəfə dişləri daşdan təmizləmək olar. Dişlərin müalicəsi və yeni dişlərin salınması isə özəl sığorta hesabına mümkündür. Özü də bu xidmətlərdən istifadə etmək üçün azı 4 il özəl sığoorta istifadəçisi olmalısınız. Yalnız bundan sonra stomatoloji xidmətlərdən tam istifadə etmək olar.

- Özəl tibbi sığorta bahadır?

- Bəli, bir nəfərin aylıq sığorta haqqı 600-700 avro təşkil edir. Yəni dövlətdən iki dəfə baha. Əgər bura dişlərin pulsuz müalicəsi xidmətini də əlavə etsək, ayda 1000 avro tibbi sığorta haqqı ödəmək lazımdır- amma buna hər şey, bütün xidmətlər daxildir. Bundan başqa, həmin sığorta bütün Avropada qüvvədədir. Məsələn mənim qızım Avstriyada oxuyur, o öz sığorta kartı ilə orda da tibbi xidmətlərdən istifadə edə bilir.

- Bəs başqa, yəni Avropadan kənar ölkələrdə necə, bu sığorta işləyir?

- Bəli belə bir xidmət də var - ildə 23 avro ödəyirsən, Avropadan kənarda da təcili tibbi xidmət alırsansa, onun pulunu yerində özün ödəyirsən, geri qayıdanda sığorta şirkəti həmin pulu sənə qaytarır. Bu səyahət sığortasına oxşayır. Məsələn, mən bir dəfə Avropadan kənarda ayağımı əzmişdim - həkimin xərcini ödədim, geri qayıdanda həmin pulu mənə qaytardılar.

"Gələcəkdə sənə baxan olmayacaqsa, xəstəyə qulluq sığortası almalısan"

- Almaniyada əhali başqa hansı kütləvi sığorta növlərindən istifadə edir?

- Bir maraqlı sığorta növü var - xəstəyə qulluq sığortası. Məsələn, kimsə əlil və ya xəstə olursa, onu kənardan qulluq tələb olunursa, bundan da sığotalanmaq olar. Yəni belə hal baş verəndə sığorta şirkəti bu xidməti təşkil edir. Belə xidmət əməliyyatdan sonrakı dövrdə də lazım ola bilər - bu sığorta vasitəsilə həmin vaxtlarda da qulluq əldə etmək olar.

- Bu sığorta haqqı nə qədərdir?

- Bu sığorta üçün tarif əmək haqqının 0,25%-i qədərdir. Bunun da yarısını işə götürən, qalanını işçi özü ödəyir. Amma bir şərt var - uşaqsız ailələrdə bu tarif əmək haqqının 25%-nə qədər qalxa bilər. Çünki uşağı yoxdursa, deməli gələcəkdə ona baxan yaxın adam olmayacaq. Özü də adamı bu sığorta ilə sığortalayanda tam tibbi müayinədən keçirirlər ki, onun xəstələnmək ehtimalını dəqiq bilsinlər.

 

Digər xəbərlər

Banner