Banner

Sığorta

Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka - MÜRACİƏT EDİLİB

Aqrar sığorta şirkətinin yaradılması ilə bağlı Mərkəzi Banka - MÜRACİƏT EDİLİB | FED.az
17:23 28 May 2020

Azərbaycanda aqrar sığorta haqlarının yığılması ilə məşğul olacaq ayrıca sığorta şirkətinin - idarəedici qurumun yaradılmasına başlanılıb.

Eləcə də bax: Azərbaycanda aqrar sığorta sistemi üçün - YENİ QURUM YARADILIR

FED.az xəbər verir ki, hazırda Mərkəzi Banka lisenziyanın alınması üçün müraciət edilib.

Məlumata görə, koronavirus pandemiyasına görə müəyyən ləngimələr oldu: "İdarəedici şirkət formalaşdıqdan sonra aqrar məhsulların sığortalanması prosesinə başlanılması gözlənilir. Bu istiqamətdə bütün məsələlər plan üzrə aparılır. Bu ilin ikinci yarısında istehlakçılara sığorta xidmətlərin təqdim edilməsi gözlənilir”. İdarəedici şirkətdə təmsil olunacaq sığorta şirkətləri bərabər paylara sahib olacaq: “Səs çoxluğu, pay çoxluğu olmayacaq”.

Xatırladaq ki, yığımla məşğul olacaq yeni şirkətin nizamnamə kapitalının 2-4 milyon manat arasında olması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru sığortalanacaq. Bununla yanaşı, idxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədi ilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığortalanacaq. Heyvandarlıq sahəsində 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar sığorta ediləcək. Suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq üçün ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.

Report

Digər xəbərlər

Banner