Sığorta

Pandemiya şəraitində sığorta bazarı - ANALİTİKA

Pandemiya şəraitində sığorta bazarı - ANALİTİKA | FED.az
11:12 6 Avq 2020

Pandemiya şəraitində sığorta bazarı

Eləcə də bax: Təhsildə yeni trendlər, bu günün və gələcəyin ən tələb olunan peşələri - MÜSAHİBƏ

Sığorta bazarının icmal göstəricilərinin təhlili

    Son 6 ay ərzində sığorta bazarında ikitərəfli canlanma müşahidə olunur. Həm sığorta haqlarında, həm də sığorta ödənişlərində gözə çarpacaq dərəcədə artım qeydə alınıb. Belə ki ölkəmizdə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 400 milyondan çox sığorta haqqı toplanılıb. Sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlər isə 185 milyon manata yaxındır. Son illərin müvafiq göstəricilərini müqayisə etdikdə bu ilin ilk yarımilliyində yığımların ötən ilin analoji dövrünə nəzərən 10% artığını, hətta rekord göstəricilərin qeydə alındığı 2018-ci ili də geridə qoyduğunu görmək mümkündür. Ödənişlərin artması da maraq doğuran məqamdır. Belə ki, ödənişlər son 2 ildə sabit qalsa da cari il həm 2018, həm də 2019-cu ilin analoji dövrləri ilə müqayisədə artım nümayiş etdirib.

Struktur üzrə təhlil

 

 Yığımları sığorta strukturu üzrə analiz etdikdə qeyd etmək olar ki, ümumi  yığımların 67%-i könüllü, 33%-i isə icbari sığorta növlərindən əldə olunub. Dinamikaya gəldikdə isə, icbari sığorta üzrə təqribən 7% könüllü sığorta üzrə isə 13% artım qeydə alınıb. Ödənişlər isə könüllü sığorta üzrə 85% artım nümayiş etdirdiyi halda icbari sığorta üzrə 8% azalıb.

 

Yığımlar və ödənişlərin sığorta strukturu üzrə faiz göstəriciləri

 

       

Könüllü sığorta növləri arasında yığımlarda həyat sığortası üzrə 20%,qeyri-həyat sığortası üzrə isə 8% artımı müşahidə edirik.

Yığımların dörddə birinin həyat sığortasının bir istiqaməti olan həyatın yaşam sığortası üzrə olduğunu nəzərə aldıqda məhz həyatın yaşam sığortası üzrə yığımların 32% artması ümumi yığımların artmasına böyük təsirə malik olub. Lakin həmin istiqamət üzrə ödənişlərin daha çox - 2.7 dəfə artması ümumi bazarın canlanması istiqamətində müsbət fikirlərə bir qədər mənfi təsir göstərir. Belə ki, həyatın yaşam sığortası mahiyyətcə insanların həyat səviyyəsinin pisləşməsi halından sığortalanması anlamını versə də, sığorta haqlarının istənilən anda geri alına bilməsi imkanı sığortanın bu növünün bu gün insanların yığımları üçün bir alət olaraq çıxış etməsinə gətirib çıxarıb. Bank və səhm bazarlarının son dönəmin təsirlərinə daha çox məruz qalması və mövcud olan qeyri-müəyyənlikləri nəzərə alaraq marağın daha çox sığorta bazarına olması  təsadüfi deyildir. Bu səbəbdən sığortanın bu istiqaməti üzrə hər iki sahədə- həm yığımlarda, həm də ödənişlərdə artımı müşahidə edə bilirik.

  Qeyri-həyat sığortası üzrə isə şəxsi sığorta yığımlarında 7% artım tibbi sığortanın hesabına, əmlak sığortası üzrə yığımlarda 8% artım isə daha çox kənd təsərrüfatında heyvanların sığortası və yüklərin sığortası hesabına olub.

  Ödənişlərin artmasına əsas səbəb isə həyatın yaşam sığortası üzrə  artımın hesabına olub. Artıq qeyd edildiyi kimi bu da süni formada baş verdiyi üçün ödənişlərin artımı yığımları keçmədiyi təqdirdə sektor üçün xüsusi risk daşımır və zərər olaraq qiymətləndirilmir.

Pandemiyanın sığorta bazarına təsiri

 Ümumi sığorta sektorunda artım dinamikası müşahidə olunsa da əlbəttə ki pandemiyanın mənfi təsiri sığorta bazarından da yan keçməyib. Belə ki, mənfi təsir daha çox nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası və səfər sığortalarının  yığımlarına olub. Nəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımlarda 15% azalma qeydə alınıb. Daha böyük mənfi təsirə məruz qalan səfər sığortası yığımlarında isə sərhədlərin bağlanması və uçuşların ləğv olunması səbəbi ilə ötən il ilə müqayisədə 2.5 dəfə azalma müşahidə olunub.

   Yük sığortasında isə əksinə 2 dəfədən çox artım müşahidə olunub. Bu da pandemiya dövründə yük daşımalarının məhdudlaşdırılmaması  səbəbi ilə izah oluna bilər.

Pandemiyanın sığorta sektoruna dolayı formada olan müsbət təsirini də qeyd etmək lazımdır. Belə ki, pandemiya dövründə bütün sahələrdə elektronlaşmaya keçidin geniş tətbiqi ilə müxtəlif sektorlarda fəaliyyət göstərən biznes subyektlərində daha öncə mövcud olan qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə tələbat yaranıb. Bu səbəblə rəsmi qeydiyyata alınmış işçilərin icbari sığortalanması vacib olduğundan sığortalanma hallarının artması təbii olaraq sığorta yığımlarının artmasına gətirib çıxarıb.

Yekun

  Pandemiyanın mənfi təsiri iqtisadiyyatın bir çox sektoruna mənfi təsir etsə də ümumilikdə sığorta bazarında ilin ilk yarısı üçün vəziyyət gözləniləndən daha yaxşıdır. İlin sonuna olan proqnozlara gəldikdə isə cari ilin yekun nəticələrinin 2019-cu ilin, karantin rejiminin ləğv olunması halında isə 2018-ci ilin göstəricilərini geridə qoyacağı gözlənilə bilər.

Zənurə Talıbova 

Kommunikasiya Departamentinin rəhbəri

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

Digər xəbərlər