Sığorta

 “Qala Sığorta” ötənilki uğurlu fəaliyyəti ilə bağlı – HESABATINI AÇIQLADI

 “Qala Sığorta” ötənilki uğurlu fəaliyyəti ilə bağlı – HESABATINI AÇIQLADI | FED.az
15:18 29 Yan 2020

 Azərbaycan sığorta bazarının tələblərinə cavab verməklə, ötən il üçün qarşıya qoyduğu hədəflərə tam olaraq çatan “Qala Sığorta” 2019-cu ildəki uğurlu fəaliyyəti haqqında məlumatı ictimaiyyətlə bölüşüb.

Eləcə də bax: “Qala Sığorta” - “İLİN SIĞORTA ŞİRKƏTİ” SEÇİLDİ

FED.az xəbər verir ki, Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən ötən il ərzində “Qala Sığorta” şirkəti tərəfindən 26 786 913 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2018-ci ilin yekunu ilə müqayisədə 10 229 500 manat və ya 61,8% çox olub.

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, qeyd olunan dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 3 269 858 manat sığorta ödənişi verilib ki, bu da əvvəlki illə müqayisədə 1 340 190 manat və ya təxminən 69,5% çoxdur. Şirkət sığorta ödənişlərini zərərçəkmiş müştərilərinə qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirib.

Bundan başqa, “Qala Sığorta” şirkəti dövlət başçısının regionlarda yeni iş yerlərinin yaradılması istiqamətində apardığı siyasətinə dəstək olaraq Bərdə, Beyləqan və Şəki şəhərində yeni nümayəndəliklərini açıb. Bu nümayəndəliklər vasitəsi ilə 15-dən çox işçi daimi işlə təmin olunub.   

Şirkətin ötən il ərzində gördüyü işlər bununla bitməyib. “Qala Sığorta” 2019-cu il ərzində sosial layihələrə daha çox diqqət ayıraraq bir neçə layihənin reallaşması və həyata keçirilməsinə yaxından dəstək olub. ADA Universitenin tələbələrinin sosial layihəsinə dəstək, Bakının A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyinin şagirdləri üçün maarifləndirici təlimlər, UAFA təşkilatının xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstədiyi sosial xidmətlərə dəstək və bu kimi digər layihələri misal gətirmək olar. Bundan başqa, ötən il ərzində sinerji proqramı çəçivəsində bir sıra tədbirlər də həyata keçirilib.

Ötən ili həmçinin “Qala Sığorta” şirkətinin satış komandası üçün də uğurlu və məhsuldar il kimi qeyd etmək olar.

Belə ki, satış komandasının tərkibində yaradılmış məhsulyaratma qrupu tərəfindən bazara yeni çeşiddə məhsullar təqdim edilib. Əvvəlki illərdə olduğu kimi ötən ildə də müştərilərə daha asan əlçatan və sərfəli məhsullar təqdim etməklə sığorta bazarı daha da canlanmışdır. Şirkət təkcə ötən il ərzində Azərbaycan sığorta bazarına əhali üçün daha sərfəli şərtlərlə 4 yeni məhsul (“Qaydalı Kasko”, “Qala Elit Klub”, “Şərikli Kasko” və "İntizamlı sürücü”) təqdim etmişdir.      

Şirkətin 2019-cu ildə ən böyük uğurlarından biri “İLİN SIĞORTA ŞİRKƏTİ“ mükafatına layiq görülməsi olub. Ölkənin maliyyə bazarında aparılan sorğunun nəticələrinə əsasən, “Qala Sığorta” ötən ildə əldə etdiyi yüksək maliyyə göstəricilərinə, o cümlədən sığorta yığımları və müştərilərə ödənilən sığorta ödənişlərin həcmindəki kəskin artımına görə “Caspian European Club”unun aktiv üzvü kimi qiymətləndirilib.  Bütün bu işlərin nəticəsi olaraq, nüfuzlu “Caspian European Club”u tərəfindən “Qala Sığorta” şirkətinə “İLİN SIĞORTA ŞİRKƏTİ“ nominasiyası üzrə mükafat təqdim olunub.

 Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə müasir sığorta bazarına uğurla inteqrasiya etməkdədir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

 

Digər xəbərlər