Sosial

Azərbaycanda yoxsulluq normaları düz hesablanmayıb - EKSPERT

Azərbaycanda yoxsulluq normaları düz hesablanmayıb - EKSPERT | FED.az
16:41 13 Fev 2019

Azərbaycanda yoxsulluq standartları, minimum yaşayış standartı və yaşayış minimumu kimi göstəricilərin heablanmasında və tətbiqində qeyri-şəffaflıq var. FED.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Onnu sözlərinə görə, bu göstəricilərlə bağlı qərarlarda boşluqlar və qeyri-müəyyənliklər mövcuddur, eləcə də yoxsulluq həddi hesablanarkən dolların özünün dünyada ucuzlaşması nəzərə alınmayıb.

Ekspert yazır:

«Minimum əmək haqqının artımı ilə bağlı müzakirələrdə "cərimələri, vergiləri artıracaq" kimi məqamlara çox diqqət yetirməyə lüzum yoxdur. Çünki sosial sığorta ödənişləri istisna olmaqla demək olar ki, digər cərimə və sanksiyaların əmək haqqının minimum həddi ilə əlaqəsi çox məhdudlaşdırılıb.

Sadəcə ardıcıl və daha çox sayda təklif olmalıdır ki, minimum əmək haqqından yalnız qazananların olması üçün yaxın zamanlarda minimum əmək haqqının bütün cərimə və ödənişlərlə əlaqəsi kəsilsin.


Eləcə də bax: 56 rayonda işsizlərə iş təklif olunacaq
 

Minimum yaşayış standartı bu günə uyğundurmu?

İndi müzakirə bir məqama yönəlməlidir: Azərbaycanda minimum yaşayış standartları nə dərəcədə ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğundur? Və minimum əmək haqqı minimum yaşayışın real hesablanmış standartlarına nə dərəcədə cavab verir?

Nəzərə alaq ki, minimum yaşayış standartları az qala 15 il öncə təsdiqlənib. Halbuki o zamandan indiyə çox ciddi bir dəyişiklik baş verib: 2005-ci ildə Azərbaycan Dünya Bankının təsnifatında o zamankı gəlir standartı ilə adambaşına milli gəliri 3000 dollardan aşağı olan "aşağı orta gəlirli" ölkələr qrupunda idi. Bu gün isə artıq adambaşına milli gəliri 5000 dollar ətrafında olan "yuxarı orta gəlirli" ölkələr qrupunda yer alıb.

 

2005-də Azərbaycanda bu qədər bahalı villa yox idi

Çox dərin və gözlə görünməyən məlumatlara ehtiyac yoxdur: 2005-ci ildə ölkədə dəyəri milyonla ölçülən villaya, dəyəri 70-80 min dolları ötən avtomobillərə sahib adamları barmaqla saymaq olardı, bu gün isə onların sayı-hesabı yoxdu. Yəni bu ölkənin zəngin 10%-nin həyat standartları 10 dəfələrlə yüksəlibsə, yoxsul 10%-nin yaşayış standartları nə qədər dəyişib? Bu sualın elə rəsmi cavabı çox şey deyir: 2005-2007-ci illərdə rəsmi yaşayış minimumu 65-70 dollar olub, 2019-cu ildə isə 105 dollardır.

 

Dollar özü də təqribən 2 dəfə qiymətdən düşüb

Ötən 12-13 ildə ABŞ-dakı inflyasiyanı da nəzərə alsaq, 1 ABŞ dollarının alıcılıq qabiliyyətinin də alıcılıq qabiliyyətində (real mübadilə dəyərində) baş verən azalmanı da nəzərə alsaq, belə çıxır ki, Azərbaycanda minimum yaşayış dəyərində ciddi artım baş verməyib. Halbuki məhz dolların dəyərsizləşməsini nəzərə alaraq, Dünya Bankı ötən dövrdə qlobal yoxsulluğun ölçülməsi üçün istifadə etdiyi "beynəlxalq dolların" alıcılıq qabiliyyətinə korreksiya edib. Məsələn, 2008-2014-cü illərdə Dünya Bankı yoxsulluğu ölçmək üçün adambaşına gündəlik qazancı minimum 1.25 dollar götürmüşdü - amma həmin məbləğ ABŞ dollarının 2005-ci ildə olan alıcılıq qabiliyyəti ilə hesablanırdı. 2015-ci ildə isə Dünya Bankı standartları dəyişdi - adambaşına gündəlik qazancı 1.90 dollara qaldırdı və bu dəfə isə həmin məbləğ ABŞ dollarının 2011-ci ildə olan alıcılıq qabiliyyəti ilə hesablanmağa başladı. Səbəb dediyimdir: həm dolların qlobal miqyasda dəyər itirməsi var, həm də minimum yaşayış standartları yüksəlməlidir.

 

Hansı böyük məbləğdir - 2005-dəki 70 dollar, yoxsa 2019-dakı 105 dollar?

İndi bu yanaşmadan çıxış etsək, elə Azərbaycanda 2005-2007-ci illərdə 65-70 dolların alıcılıq qabiliyyəti ilə hazırkı 105 dolların alıcılıq qabiliyyətini də hesablamaq çox maraqlı olardı. Məsələn, mən sizə hamının bildiyi bir faktı deyim: 2005-ci ildə Azərbaycanda ətin qiyməti orta hesabla 4 manata yaxın idi - təxminən 5 dollar. İndi isə 12 manata yaxındır - hardasa 7 dollar.

Bu cür hesablamalar aparılsa, məlum olacaq ki, ölkə nəhəng gəlirlər əldə etsə də, iqtisadi imkanlar böyüsə də aztəminatlı insanlar üçün hazırlanan rəsmi minimum yaşayış standartları demək olar ki, dəyişməyib.

 

Əhali hansı meyvədən 38 kiloqram yeməlidir?

Başqa bir müzakirə ediləsi məsələ: minimum istehlak səbətinin strukturu dəyişməlidir. indi Azərbaycanda 3 istehlak səbətində minimum istehlak üçün nəzərdə tutulan ərzaq, qeyri-ərzaq və xidmətlərin sayı 150 çeşid ətrafındadı. Halbuki inkişaf etmiş ölkələrdə həmin göstərici 300-350 ətrafındadı. Yeri gəlmişkən, bu məsələdə çox ciddi qeyri-şəffaflıq var. Nazirlər Kabinetinin istehlak səbətinin strukturu ilə bağlı qərarında mal qruplarının əmtəə sturkturu açılanmır. Məsələn, "meyvə və giləmeyvə" üzrə illik istehlak bir nəfər üçün 38 kq müəyyən edilib. Amma konkret meyvə və giləmeyvə növlərinin adı və norması ilə bağlı qərarın Əlavəsi ictimaiyyətdən gizli saxlanır.

Başqa bir problem qida normalarının səviyyəsi ilə bağlıdır. Məsələn, bir nəfər üçün ət və ət istehlakı qonşu Rusiyada 58.6 kq, Azərbaycanda 32.9 kq, meyvə və giləmeyvə istehlakı Rusiyada 60 kq, Azərbaycanda 38 kq, balıq və balıq məhsulları Rusiyada 18.5 kq, Azərbaycanda 7.7 kq minimum norma kimi təsdiqlənib.

Bu normalara yenidən baxılması çox vacibdir.

 

Yaşayış minimumunun nəyə əsasən hesablandığı məlum deyil

Başqa bir vacib məqam: yaşayış minimumu haqda qanuna görə, ölkə üzrə yaşayış minimumunun 4 göstəricisi təsdiqlənir: ölkə üzrə orta göstərici - hazırda 180 manatdır, əmək qabiliyyətli əhali üçün (hazırda 191 manat), pensiyaçılar üçün (hazırda 149 manat), uşaqlar üçün (hazırda 160 manat). Halbuki Nazirlər Kabinetinin qərarında orta normalar yoxdur, yalnız 3 demoqrafik qrup üzrə səbətlər müəyyən edilib. Əgər orta normalar yoxdursa, o zaman yaşayış minimumunun orta dəyəri necə hesablanır?

Nəhayət, yaşayış minimumunun dəyəri ilə yanaşı ərzaq səbəti ayrıca olaraq təsdiqlənməli, ölkədə ərzaq yoxsulluğu ilə bağlı göstərici ayrıca olaraq bəyan edilməlidir. Fərd və ailə üçün yaşayış minimumunun da ayrıca təsdqilənməsi çox vacibdir.

 

Mənzili olmayanlar yoxsul sayılmalıdırmı?

Yeri gəlmişkən, yoxsulluğun hesablanması metodikasının bütövlükdə yeni yanaşma olmallıdır. Bu təkcə yuxarıda qeyd elədiyim yolla - yaşayışın dəyərini dəyişməklə baş verməməlidir. Eyni zamanda qeyri-monetar faktorlar da yoxsulluğu müəyyən etmək üçün istifadə edilməlidir. Məsələn, mənzil olmayan, yaxud adambaşına yaşayış sahəsi ən azı 12 kvadratmetrdən aşağı olan ev təsərüraftları yoxsulluq riski yüksək olan ailələr kimi statistikaya daxil edilməlidir.

Məncə biz "minimum əmək haqqının 38%-lik artımı kifayətdirmi", "minimum əmək haqqının hazırkı səviyyəsi yaşayş şərtlərinə uyğundurmu" kimi suallara bu yanaşmanın gözü ilə baxmalıyıq...».

Digər xəbərlər

Banner