Banner

Sosial

Əmlak Komitəsindən 8 Mart "sürprizi" - "kupça"lar xanımların evinə aparıldı

Əmlak Komitəsindən 8 Mart "sürprizi" - "kupça"lar xanımların evinə aparıldı | FED.az
14:50 7 Mart 2019
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 8 Mart Qadınlar günü münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan xanımları, o cümlədən şəhid ailələrini, Qarabağ müharibəsi əlillərinin həyat yoldaşlarını, ahılları, fiziki məhdudiyyətli qadınları, tənha anaları fərqli üsulla təbrik edib.

FED.az xəbər verir ki, Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün birbaşa ünvanlarda qeydiyyat xidməti ilə bağlı sosial aksiya keçirilib. Bu kampaniya çərçivəsində şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinin həyat yoldaşlarına, o cümlədən fiziki məhdudiyyətli qadınlara birbaşa olaraq yaşadıqları ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Komitənin əməkdaşları xüsusi nəqliyyat vasitələri ilə paytaxtla yanaşı, respublikanın bir neçə rayonlarına gedərək yaşlı qadınlara, tənha analara evlərindəcə əmlaklarına dair hazır çıxarışlar təqdim ediblər. Verilən çıxarışlar əsasən mənzilləri, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib.


Eləcə də bax: Azərbaycanın bank sektorunun – QADIN RƏHBƏRLƏRİ – SİYAHI

 Bu addım xanımların dövlət tərəfindən diqqət mərkəzində olmasının, sosiallıq prinsipinin ön planda yer almasının əyani göstəricisidir. Kampaniya qeyd edilən təbəqədən olan xanımların daha rahat və optimal yolla əmlaklarını qeydiyyatdan keçirməsinə, onların məmnunluğunun təmin edilməsinə, vaxtlarına qənaət etməsinə şərait yaradıb.

Çıxarışların təqdim edilməsi ilə yanaşı, komitə əməkdaşları xüsusi qayğıya ehtiyacı olan bir neçə qadınlardan mülkiyyət hüququnun təmin olunması üçün lazımi sənədləri toplayıblar. Kampaniya çərçivəsində komitənin hüquqşünasları xanımlara yardımçı olublar, onların qeydiyyat prosesi və sənədlərlə bağlı suallarını cavablayıb, sənədlərin necə əldə edilməsi, hansı qurumlara müraciət edilməsi ilə bağlı istiqamət veriblər. Qadınlar sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvanlarına çatdırılmasından razılıqlarını ifadə ediblər.
Sosial mahiyyət daşıyan belə tədbirlər mülkiyyətçi xanımların sayının artmasına, qadınların öz əmlaklarını daha aktiv şəkildə iqtisadi proseslərə cəlb etməsinə, o cümlədən qeydiyyat xidmətlərinə olan marağın artmasına imkan verir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.




 

 

Digər xəbərlər

Banner