Status

«Neftin 30 dollarlıq qiymətinə dözəcəyik» bəyanatı 2015-ci ili xatırladır» - STATUS

«Neftin 30 dollarlıq qiymətinə dözəcəyik» bəyanatı 2015-ci ili xatırladır» - STATUS | FED.az
16:06 4 Mart 2020

İqtisadçı ekspert Samir Əliyev Azərbaycan Azərbaycan iqtisadiyyatının neftin hər barel üçün 30 dollardan da aşağı həddinə qarşı immunitetininoğlması ilə bağlı fikirləri doğru saymayıb. 

Eləcə də bax: "Azərbaycan iqtisadiyyatı neftin 30 dollar qiymətinə də davam gətirə bilər" - AÇIQLAMA  

FED.az xəbər verir ki, bu barədə açıqlamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı vermişdi. Cənab Qasımlının sözlərinə görə, Azərbaycan iqtisadiyyatı neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə immunitet qazanıb.

Samir Əliyev isə bu yanaşmanın doğru olmadığını bildirir, hökuməti neftin qiymətinə arxayın olmamağa və dünyadakı iqtisadi proseslərə hazırlıqlı olmağa çağırıb. Ekspert yazır:  

«Azərbaycan iqtisadiyyatının neftin hər barel üçün 30 dollardan da aşağı həddinə qarşı immunitetinin olması ilə bağlı rəsmi şəxsin açıqlaması mənə hökumətin 2015-ci ildəki davranışını xatırlatdı. Həmin dövrdə də Rusiya və Qazaxıstanda qızğın müzakirələr gedəndə bizimkilər baş altına yastıq qoymaqla məşğul idilər, manatın gücünü reklam edirdilər. Sonra nə baş verdiyini heç kim unutmayıb. Nəticədə hamı zərbə aldı və hələ də onun fəsadları aradan tam qalxmayıb. İndi dünyada baş verən gərginliyin fonunda ABŞ, Avropa, Yaponiya hökumətlərinin iqtisadiyyatlarından narahat olduqları bir vaxtda bizim hökumət təmsilçisi iqtisadiyyatımızın immunitetindən danışır. Halbuki cəmiyyət hökumətdən indiki gərginlikdə çıxış yolları, hökumətin strategiyası barədə bilgi almaq istəyir.

30 dollar məsələsinə gəlincə, bu fikir reallıqdan çox uzaqdır. Rusiyanın maliyyə naziri Siluanovun çıxışına əsaslanıb belə fikir yürütmək kökündən yanlış cəhddir. Çünki bizim iqtisadiyyatlar oxşar olduğu qədər də fərqli struktura malikdir. Rusiyanın neftdən və idxaldan asılılığı bizdən əhəmiyyətli dərəcədə azdır. Ən azı Rusiyada devalvasiyanın ölkə iqtisadiyyatına təsiri ilə Azərbaycanda baş verən devalvasiyanın təsirini müqayisə etməklə fərqi görmək olar. Hətta Siluanov 30 dollar qiymətin neqtiv təsirini uzağı 4 il müddətinə neytrallaşdırmağın mümkün olduğunu bildirib.

2015-ci illə müqayisədə indi hökumətin təcrübəsi çox ola bilər. Ancaq baş verməsi gözlənilən böhran (virus probleminin həlli müddətindən asılı olacaq) 2015-ci il böhranın kəskin fərqlənir. Burda problem təkcə neftin ucuzlaşması fonunda milli valyutanın məzənnəsini qorumaqla bağlı deyil. Əsas problem idxaldan asılı olan Azərbaycan iqtisadiyyatının sabit məzənnə olduqda belə inflyasiyanı idxal etməsidir. Çin, İran mallarının əvəz edəcək Türkiyə, Rusiya, Avropa mallarının bahalaşması daxili bazara neqativ təsir edəcək. İndi həm dövlət büdcəsinin sosial yükünün artıb, həm qiymətlərin miqyası 2015-ci ildən fərqlənir. Büdcəyə 2015-ci ildəki həcmdə sekvester tətbiq etmək mümkün olmayacaq. Digər tərəfdən koronavirusun ilk zərbəsi yeni dirçəlməkdən olan turizm sektoruna vurur, bir azdan zərbə xidmətin digər qoluna keçəcək. Valyuta ehtiyatlarına gəlincə, 1 ilə Mərkəzi Bankın 11 milyard dollar itirməsi təcrübəmiz var. 52 milyard dollarlıq təhlükəsizlik yastığına ümid etmək olmaz. Kapitalın qorunmadığı və gizli iqtisadiyyatın yüksək olduğu bir ölkədə kapital qaçışı da xırda qığılcımdan alovlana bilər.

Ona görə də hökumət koronavirusun dünya iqtisadiyyatına vurduğu və bundan sonra vuracağı neqativ təsirlərin ölkə iqtisadiyyatına transferinin mininmuma endirilməsi üçün tədbirlər planı hazırlamalıdır».

 

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?