Style

"Əgər sevərək məşğul olduğun sahədən pul qazana bilmirsənsə, fərasətsizsən" – MÜSAHİBƏ

"Əgər sevərək məşğul olduğun sahədən pul qazana bilmirsənsə, fərasətsizsən" – MÜSAHİBƏ | FED.az
13:09 9 Dek 2019

Deyir ki, xaraktercə rənagarəng insandır. Xarakterindəki bu rəngarənglik işində də özünü göstərir. Rəngarəng studiyada pozitiv ab-havalı işlər ərsəyə gətirir. Söhbət gənc rəssam, "Art Studio Turan"ın yaradıcısı Turan Muxtarzadədən gedir.

FED.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Eləcə də bax: "Bütün Kanada müştərim ola bilər..." - XARİCDƏKİ RƏSSAMLA MÜSAHİBƏ

Qeyd edək ki, T.Muxtarzadə 9-cu sinfi bitirəndən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecində, ardınca isə Rəssamlıq Akademiyasında rəngkarlıq fakültəsində təhsil alıb:

- Turan xanım, emalatxananızda bir rəngarənglik var. İçəri daxil olanda adama pozitiv ab-hava ötürür...

- Mənim işim rənglərlədir, xaraktercə də rəngarəng insanam. Xarakterimdəki rəngarənglik işlərimdə də əks olunur. İşlərin rəngi, emalatxanaların ab-havası əsasən rəssamdan, onun xarakterindən asılıdır.

- Rəssamlıq uşaqlıq arzunuz olub?

- Özümü tanıyandan rəssamlığa marağım olub. Bu yaxınlarda toyda uşaqlıq illərimizin bir yerdə keçdiyi qonşumla qarşılaşdım. Deyir ki, sən yerdə torpaq üzərində də rəsm çəkirdin. Doğrudan da elə idi, divarda, torpaqda belə nələrsə cızırdım. Özümü tanıyandan şəkil çəkirəm. İbtidai sinifdə və sonrakı təhsillərimdə də həmişə sinif və qrup yoldaşlarımın bir çoxunun rəsmlə bağlı tapşırıqlarını mən yerinə yetirirdim.

- Bir çox uşağın məktəb vaxtı rəssamlığa marağı olsa da, peşə seçimi zamanı valideynlər uzaqlaşdırırlar. Sizin valideynlər bu cəhətdən mane olmağa çalışmadılar?

- Valideynlərim həmişə mənə dəstək olublar. Kolleci bitirəndə Kukla Teatrında rəssam kimi işləyirdim. Orda rejissor mənə dedi ki, sən hazır aktrisasan, gəl səhnəyə çıx. Valideynlərim razı olmadılar, dedilər ki, sənin rəssamlıq kimi gözəl sənətin var, onunla məşğul ol. İndi məni sırf rəssamlığa yönəltdikləri üçün valideynlərimə təşəkkür edirəm. Bir də bu sənətdə qazandığım hər uğura görə, xalq rəssamı Sakit Məmmədova minnətdaram. Onun tələbəsi olmaq mənim yaradıcılığıma böyük təsir göstərib.

- Hazırda həm də tələbə yetişdirirsiniz. Bu sahədə müəllimlik fəaliyyətinə nə vaxt başlayıbsınız?

- 2010-cu ildən. Onda hələ akademiyada təhsilimin ilk illəri idi. İlk vaxtlar uşaqlar üçün tədris aparırdım. İndi tələbələrim 20-70 yaş arasında dəyişir. Adətən, 15 yaşdan yuxarı tələbələri qəbul edirəm. Bura professional rəssamlığı mənimsəmək istəyən insanlar üçündür. 

- Bir çox insanlar rəssamlıq istedadları olsa da, başqa sahələrə yönəlirlər, üstündən uzun müddət keçəndən sonra hobbi kimi də olsa, rəssamlığa dönürlər. Belə tələbələriniz varmı?

- Tələbələrimin 50 faizini bu kateqoriyadan olan insanlar təşkil edir. Valideynlər başqa sahələrə yönəldiblər, amma onlar özlərini tam olaraq orda tapmayıblar və müəyyən yaşdan sonra içlərində rəssamlıq eşqi ilə öyrənməyə gəlirlər. Onlara nə öyrətsən, nə versən, göydə qapırlar. Çox həvəsli olurlar. Bu cür tələbələrə nə isə öyrətmək, onlardakı nəticəni görmək də böyük zövq verir.

- Onlar, sadəcə hobbi kimi məşğul olurlar?

- Bəli, amma bir müddət sonra artıq texnikanı öyrənirlər, istəmədən bu sahədə təhsil alan insanlardan çox yaxşı işlər ərsəyə gətirirlər. Mən onlara kolleqalarım kimi baxıram. Bir müddət sonra mənimlə birlikdə öz əsərləri ilə müxtəlif ölkələrdə sərgilərə qatılırlar. Rəssamlığa gec yönəlsələr də, peşəkar işləri var. Sərgilərdə bu, təsdiq olunur.

- Sizin fəaliyyətiniz ancaq rəssamlıqla bağlıdır?

- Bəli, beynəlxalq məktəblərdə dərs deyirəm, bir də öz emalatxanamda rəssam fəaliyyətimlə məşğul oluram, burda da tələbələrə dərslər keçirəm. Bütünlüklə rəssamlığa bağlıyam.

- Bir çox gəncin rəssamlığa hobbi kimi yanaşmasının səbəbi bu sahədə gəlir olmadığını düşünmələridir. Rəssamlıq, günümüzdə nə dərəcədə gəlirli sahədir?

- Gəlir məsələsi insana bağlıdır. Hansısa sahədə təhsil alıb ordan gəlir qazana bilməməyi təsəvvür edə bilmirəm. Pul qazanmaq fərasətlə bağlıdır. Sənətindən, sevdiyin işdən pul qazanmaq isə ikiqat zövq verir. Əgər sevərək  məşğul olduğun sahədən pul qazana bilmirsənsə, fərasətsizsən. Düzdür, şansın da rolunu danmaq olmaz. Mən rəssamlıqda deyil, başqa sahədə olsaydım belə, içimdəki zəhmətsevərlik, çalışqanlıq mütləq özünü göstərəcəkdi və qazanc əldə edəcəkdim. Ancaq mən qazanıramsa, başqa birinə də "qazanacaq” zəmanəti verə bilmərəm. Bu, insanın həvəsinə, çalışqanlığına bağlıdır.

- Əsərlərin satışından da gəlir əldə edirsiniz?

- Rəssam işlərini sata bilmirsə, alan yoxdursa, niyə bu sahədə çalışsın ki? Təsəvvür et ki, müğənnisən, konsertə, toya çağırmırlar, özün üçün oxuyursan. Əgər yaxşı rəssamsansa, nə isə yarada bilirsənsə, əsərlərin mütləq satılacaq. İşlərin bəyənilmirsə, ona niyə pul versinlər ki? Mən əsərlərimin satışından da gəlir əldə edirəm, tək tədrisdən deyil.

 

- Bu günlərdə Çindən qayıdıbsınız. Hansı sərgiyə qatılmışdınız?

- Şanxay şəhərində keçirilən Çin Beynəlxalq İdxal Sərgisində iştirak etdik. Şanxay şəhərində o sərginin tərkibində Şanxay Beynəlxalq İncəsənət Sərgisi var idi, biz orda ölkəmizi təmsil etdik. Elə böyük bir sərgidə Azərbaycan adına iştirak etmək mənim üçün şərəf oldu. Həmin sərgidə 8 əsərlə təmsil olunduq. Altı tələbəm, bir həmkarım və mən. Dünyanın müxtəlif ölkələrindən rəssamlar qatılmışdı. Belə böyük sərgidə biz seçilməyi, üzərimizə diqqət çəkməyi bacarmışdıq. Diqqət çəkməyimizin səbəbi isə seçdiyimiz pozitiv rənglər idi. Yaxınlaşıb əsərlərlə, rəssamlarla və ölkəmizlə maraqlanırdılar. Sərgidə əsərlər nümayiş olunurdu, satış yox idi. Apardığımız tabloların post kartlarını özümüzlə götürmüşdük. Stendi ziyarət edənlərə əsərlərin post kartalarını təqdim edirdik, çox sevinirdilər.

- Başqa hansı ölkələrdə sərgilərdə iştirak edibsiniz?

- Saymaqla bitməz. Ona görə, mənim üçün ən yaddaqalanlarını deyim. Moskvada Vera Beynəlxalq İncəsənət Festivalında "Manej” sərgi salonunda Tahir Salahov, Sakit Məmmədov, Zurab Seretelli kimi rəssamlarla bir yerdə sərgilənmişəm. Hətta həmin beynəlxalq sərgidə mənim studiyam "Yeni baxış” nominasiyası üzrə mükafat aldı. Parisdə Luvr muzeyində sərgilənmək, məncə, bir çox rəssamın xəyalı olur. Luvr muzeyinin içərisində "Carrousel du Louvre” qalereyası var. Orda sərgiləndik. Təsəvvür edin ki, muzeyin bir hissəsində "Mona Liza” sərgilənir, bu biri tərəfdə sənin əsərin. O da mənim üçün yaddaqalan olmuşdu.

- Xarici ölkələrdəki sərgilərdə iştirak rəssam kimi sizə nə verir?

- Sərgilərdə fərqli ölkələrin rəssamları iştirak edir və sən özünü orda müqayisə edirsən. Bu, özünü inkişaf etdirmək, üzərində işləmək cəhətdən önəmlidir. Yeni insanlar tanıyırsan, əlaqələr qurursan, beynəlxalq sertifikatlar alırsan, əsərlərin beynəlxalq kataloqlarda nümayiş olunur. O qədər ölkənin içərisində Azərbaycan adını görmək isə mənə çox böyük zövq verir.

- Sərgilərə öz maliyyənizlə gedirsiniz, yoxsa hansısa proqramlar və ya dövlət dəstəyi ilə?

- Heç bir maliyyə dəstəyimiz yoxdur. Öz gücümüzlə gedirik. Mədəniyyət Nazirliyi tərəfdən belə dəstəyin olmasını çox istəyərdik.

- Emalatxanada yarımçıq əsərlərinizə də rast gəldik. Niyə yarımçıq qalıb?

- Ümumiyyətlə, əsər necə yaranır? Hansı ruh halında olursansa, o dövr ərzində o əsər ərsəyə gəlirsə, gəlir. Əgər gəlmirsə, sonra ruh halın dəyişir və yarımçıq qalır. Sonra bir də həmin əhval-ruhiyyəyə qayıdacaqsan, yoxsa yox, bu, sual altında qalır. Bu tip əsərlər kənarda öz zamanını gözləyir. Çox rəssamda belə yarımçıq əsərlər olur.

- Rəssamlar həm də sifarişlə işlər görürlər. Bu zaman ruh halı necə olur?

- (Gülür) Hər şeydən öncə bu, bizim sənətimiz, işimizdir. Hər kəs səhər durub işə gedib işini görür. Demir ki, bu gün ruh halım iş görməyə imkan vermir. Biz də mexaniki olaraq və texniki bacarıqlarımız sayəsində ortaya iş çıxarırıq. Deməzdim ki, sifarişlə olanda, ora ürək qoymuruq. Gördüyümüz bütün işə sevgimizi qatırıq. Məsələn, uşağın, ya yaşlı bir adamın portretini çəkirəm. Bəzən şəkillə danışa-danışa işləyirəm. Maşın kimi işləmirik, sevgi ilə işimizi görürük. İşi bilirsən və onu edirsən. Əgər hansısa şəkli çəkmək üçün vaxt limiti yoxdursa, onda ruh halını gözləyirik (gülür).

Digər xəbərlər