Təhsil və elm

Dövlət İmtahan Mərkəzi - NİYƏ ÖZƏLLƏŞDİRİLMİR? – HÖKUMƏTƏ TƏKLİF

Dövlət İmtahan Mərkəzi - NİYƏ ÖZƏLLƏŞDİRİLMİR? – HÖKUMƏTƏ TƏKLİF | FED.az
10:03 28 Yan 2020

Azərbaycanda özəlləşdirmə prosesinə yenidən baxılması gözlənilir.

Eləcə də bax: Özəlləşmə prosesində ciddi yeniliklər olacaq – NAZİRDƏN AÇIQLAMA

 

FED.az xəbər verdiyi kimi, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, özəlləşməyə yanaşma dəyişəcək.

Qeyd edək ki, indiyədək dövlət əmlakı dedikdə, əksər hallarda köhnə, avadanlıqları mənəvi və fiziki cəhətdən köhnəlmiş, iqtisadi əlaqələrini itirmiş və istehsal etdiyi məhsulun aktuallığı olmayan fabrik-zavodlar başa düşülür.

Eləcə də özəlləşdirmə dedikdə, dövlət müəssisəsinin tamamilə özəl sektorun sərəncamına keçməsi başa düşüdürdü. Bu yanaşmalarla yanaşı, daha müasir üsullardan istifadə etmək mümkündür.

Məsələn, bəzi hallarda özəlləşdirmənin məqsədi, təkcə müəssisənin tamamilə özəl sektora ötürülməsi deyil, büdcəyə vəsait cəlb etmək, eləcə də, əhalidə səhmdar, payçılıq mədəniyyətinin formalaşmasına dəstək olmalıdır.

Müəssisənin isə ilkin dövrdə tam deyil, qismən özəlləşdirilməsi, nəzarət səhm paketinin dövlətdə saxlanması mümkündür.

Belə təcrübələr büdcəyə vəsait toplanması və əhalinin yaxşı yatırım imkanı əldə etməsilə yanaşı, özəlləşdirmə prosesinə inamı bir qədər də artıra bilər. Özü də söhbət təkcə sənaye və kənd təsərrüfatı müəssisələrindən getmir.

Hazırda dövlətə məxsus olan, müasir idarəetməsi və biznes baxımından sağlam fəaliyyət göstərən, yəni gəlirlə işləyən – deməli investorar üçün maraqlı olan bir sıra qurumlar mövcuddur. Bunlardan biri… Dövlət İmtahan Mərkəzidir (DİM).

Fəaliyyətinə Tələbə Qəbulu üzrə Dövdət Komissiyası (TQDK) kimi başlayan DİM bir neçə il əvvəl artıq Mərkəzə çevrilib.

Bu dəyişiklik DİM-ə təkcə tələbə qəbulu üzrə deyil, digər seçim və imtahan prosesini də aparmağa imkan verib.

Qurumun ölkənin 9 regionunda (Naxçıvan, Gəncə, Şəki, Şirvan, Lənkəran, Bərdə, Xaçmaz, Göyçay və Şəmkirdə) regional bölmələri də var ki, bu da ona bütün ölkə ərazisində səmərəli fəaliyyət göstərməyə və yerli təyinatlı xidmətləri göstərməyə də imkan verir.

DİM bəzi dövlət qurumlarından fərqli olaraq cəmiyyətdə təmiz, korlanmamış imicə malikdir və fəaliyyəti ilə bağlı heç bir narazılıq müşahidə olunmur.

Hazırda DİM-in imkanları ona təkcə dövlət qurumlarının deyil, özəl təşkilatların da sifarişlərini yerinə yetirə bilər. Burada ənənəvi ali məktəblərə qəbulla yanaşı, işə qəbul, eləcə də TOEFL, və bir sıra digər beynəlxalq sertifikatlar üzrə imtahanlar keçirilir.

Ən əsası, Mərkəz artıq bir neçə ildir mənfəətlə çalışır. FED.az DİM-in 2018-ci il üzrə hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin əvvəlinə olan məlumata görə, qurum 2018-ci ili 6 mil       yon  421 min manat gəlirlə başa vurub.

Bunun 4 milyon 260 min manatı Mərkəzin xalis mənfəəti, 2 milyon 156 min manatı isə əmlak və qeydi maddi aktivlərin yenidən qiymətləndirilməsindən əldə edilən gəlirdir.

2019-un əvvəlinə DİM-in cəmi aktivləri 24,7 milyon manat təşkil edib. Yəni əvvəlki illə müqayisədə artım 7,3 milyon manat olub. Mərkəzin öhdəlikləri bunun yanında qəpik-quruşdur – cəmi 408 min manat.

DİM-in mənfəət və aktivlərini müqayisə edəndə illik 17%-dən artıq mənfəət var. Bu Azərbaycanda potensial investorlar üçün əla göstəricidir.

Hazırda DİM mənfəətlə çalışdığına və yaxşı idarə edildiyinə görə, dövlətin onu bütünlüklə özəlləşdirməsinə ehtiyac yoxdur. İlkin olaraq DİM səhmdar cəmiyyətə çevrilərək onun 30-50%-lik hissəsi səhmlərin ictimai yerlərdirilməsi (İPO) üsulu ilə özəlləşdirməyə çıxarıla bilər. Uğurlu özəlləşdirmə, dövlətə əlavə vəsait cəlb etməklə yanaşı, Bakı Fond Birjasında uğurlu İPO təcrübəsinin başlanğıcını qoyar, eləcə də, DMİ-in bazar dəyərini artırmaqda investorlara qazanc gətirər və onların özəlləşdirmə prosesinə marağını yüksəldər.

 

Digər xəbərlər