Turizm

10 il ərzində Azərbaycan turizmində nə dəyişib? – Turizmimizin dünəni, bu günü və sabahı

10 il ərzində Azərbaycan turizmində nə dəyişib? – Turizmimizin dünəni, bu günü və sabahı | FED.az
22:32 8 Noy 2019

Son bir neçə on illikdə turizm ölkələrə gəlir gətirməsində əhəmiyyətli rol oynayır. Elə Azərbaycanda da son 10 il ərzində turizm sahəsində əhəmiyyətli dəyişikliklər olub. Bəs son 10 ildə Azərbaycan turizmində nə dəyişib ?! Bu suala cavab tapmaq üçün bu məqalədə turizmimizin keçmişinə, bu gününə və sabahına nəzər salmalı olacayıq.

10 il bundan qabaq Azərbaycanın ərazisində nə “Şahdağ Qış-Yay İstirahət Kompleksi”, nə də “Qəbələ - Tufandağ Qış-Yay Sstirahət Kompleksi” kimi nəhəng turizm məkanları var idi. Hətta 10 il bundan öncə, 1926-cı ildən bu yana turist qəbul edən Naftalan da öz müasir qiyafəsini geyinməmişdi.

O zaman yalnız tarixin Azərbaycana verdiyi turizm məkanları var idi. Əcnəbi turistlər Azərbaycana gəlib İçərişəhər, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, Kiçik Karvansaray, "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Naxçıvan xan Sarayı, Şəki xan Sarayı, Yusif ibn Küseyir Türbəsi, Möminə xatun Türbəsi, "Gələrsən-görərsən" qalası, Xınalıq kəndi, Lahıc və s bir çox tarixin və təbiətin bəxş etdiyi məkanlar yalnız ölkənin turizm məkanları hesab olunurdu.

Lakin ölkə turizminin inkişafı ilə bağlı qəbul edilmiş qərarlar və görülmüş işlər bu sahəyə böyük təkan oldu. Ölkəmizdə inşa edilən ilk böyük müasir turizm kompleksi “Şahdağ Qış-Yay Turizm Kompleksi”oldu. 2009-cu ildə Prezident İlham Əliyevin Qusar rayonuna səfəri çərçivəsində kompleksin təməl qoyma mərasimi keçrilib.

Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar yerinə yetiriblər. Kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tərəfindən hazırlanıb. “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. “Şahdağ” Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur. Kompleksdə qış mövsümü hər il dekabrda işə başlayıb, apreldə işini tamamlayır. “Şahdağ” Turizm Mərkəzi yay mövsümündə bütün yaşlara uyğun, macəralar parkından tutmuş şişirdilmiş qalalara, kvardosikllərdə gəzinti və nordik gəzintisinə və orientasiyaya qədər müxtəlif növ idman oyunlarını təklif edir. Qeyd edək ki, qış mövsümündə “Şahdağ Qış-Yay Turizm Kompleksi”nə 20 mindən çox turist səfər edir.

Turizmimizin fəxr ediləcək komplekslərindən biri də “Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi” hesab oluna bilər.

Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarətdir. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Kompleksin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olub. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

“Tufandağ Qış-Yay Turizm Kompleksi” Qəbələ şəhərindən 4 kilometr məsafədə yerləşir. Kurort qonaqlara təbiətlə harmoniyada müxtəlif ekstrim idman və turizm fəaliyyətlərindən zövq almağa imkan verir. Tufandağ kompleksi qış aylarında xizək sürmə, yay aylarında isə kanatla dağlara qalxma, ATV maşınlarla dağa qalxma və digər əyləncə növləri təqdim edilir.

Xizək mövsümü Tufandağda 15 Dekabrdan başlayaraq 31 Marta kimi davam edir. 100 günlük qış mövsümündə qonaqlar xizək sürmə, kanat yollarında gəzinti, qar motosikleti və qarda gəzinti kimi əyləncələrdən istifadə bilərlər. Tufandağ kompleksinin xizək yamacları 1000 metr şaquli eniş, 15 kilometrlik xizək yolları və 4 kanat xətti ilə qonaqlara unudulmaz anlar bəxş edir. Burada yeni xizək sürməyə başlayanlar və orta dərəcədə xizək sürənlər üçün yaşıl və mavi xizək yamacları, professional xizək sürənlər üçün isə qırmızı və qara xizək yamacları fəaliyyət göstərir. Burada təbii qarla yanaşı, mövsüm boyu fəaliyyət göstərən qar maşınları vardır ki, qarla örtülü xizək yamacları bütün mövsüm boyu qonaqlara unudulmaz xizək təcrübəsi yaradır. Kurortun daxilində yerləşən xizək mərkəzi xizək avadanlıqlarını kirayə etmək olar. Burada həmçinin professional instruktorlardan xizək dərsləri almaq mümkündür.

Tufandağ qış-yay turizm kompleksində kanat xəttləri ilə gəzinti 5km-dən çox məsafədə və 4 stansiya (dayanacaq nöqtəsi) vardır. Bunlar L2 Riverside stansiyası hündürlüyü 956m-1660m, L4 Qəbələ kanat yolu hündürlüyü 1251-1660m, L5 Duruca kanat yolunun hündürlüyü 1251-1410m və L6 Yatmış Gözəl kanat yolunun hündürlüyü isə 1410-1920 metrdir.

Quba, Qusar  və Qəbələ ilə yanaşı həmçinin bu gün Naftalan və Cənub bölgəsində, eyni zamanda Xaçmaz və Gəncə şəhərində bir çox beynəlxalq standartlara cavab verən 5 ulduzlu otellər və istirahət mərkəzləri fəaliyyət göstərir.

Bu günə kimi Azərbaycanda turizm sektorunun inkişafı üçün müəyyən addımlar atılıb. Xüsusən də Dövlət Turizm Agentliyi yaranandan sonra ölkədə bu sahədə canlanmanı xüsusi qeyd etmək lazımdır.

Ölkə turizminin bu günlərində yeni otellər, istirahət mərkəzləri tikilir, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilir, həmçinin formlar, sammitlər və idman oyunları keçirilir. Əcnəbi turistlərin Azərbaycanda rahat və təhlükəsiz istirahət etmələri üçün tam təminat var. Bənzərsiz təbiət, mineral su qaynaqları, dünyada yeganə nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik, qastronomik və hətta qış turizminin inkişafı üçün şərait yaradır. Qarşıdan gələn yay turizm mövsümü ilə bağlı ölkəmizin geniş turizm imkanları ilə tanış olmaq və istirahətini təşkil etmək məqsədilə çoxsaylı turistlərin Azərbaycana səfəri planlaşdırılır.

Ölkədə turizm müsbət dinamika güclənməkdədir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, otel, və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Bundan başqa, iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb. 10 il əvvəl ölkədə cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı 2 mindən çoxdur. Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından geniş istifadə olunur. Ümumilikdə son 2 ildə ölkəyə gələn turistlərin sayı 51 faiz yüksəlib. Bu yüksək rəqəm Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına rəğmən, Azərbaycan turist sayının yüksək artımına nail olub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-sentyabr aylarında  Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 22,0 faizi Gürcüstan, 9,7 faizi Türkiyə, 8,2 faizi İran, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla İraq və Ukrayna, 1,6 faizi Türkmənistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər səfər edib.

Ölkəmizə yanvar-sentyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,0 faiz), Hindistan (70,1 faiz), Misir (66,3 faiz), Çin (63,7 faiz), Səudiyyə Ərəbistanı (42,0 faiz), Filippin (39,4 faiz), Macarıstan (34,8 faiz), Polşa (32,0 faiz), Malayziya (27,3 faiz), Böyük Britaniya (27,0 faiz), İspaniya (26,7 faiz), Cənubi Koreya (22,4 faiz), Gürcüstan (21,6 faiz) və Almaniya (21,6 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,0 faiz artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3 faiz artaraq 880,9 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9 faizi dəmir yolu və avtomobil, 41,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.  

Statistik məlumatlardan da göründüyü kimi ölkəmizə gələn əcnəbilərin sayında əhəmiyyətli artım artım var. Həmçinin statistik məlumatdan o da məlum olur ki, ölkəmizə nəinki Asiya həmçinin Avropa ölkələrindən də gələn turistlərin sayı artıb.

Problemlər

Bu günləri ölkəmizdə turizmin inkişafı ilə yanaşı müəyyən çatışmamazlıqları və problemləri də var. Bu problemlər çox olmasa da amma mövcuddur. Belə ki, turizm mütəxəssislərinin fikrinci bu gün ölkəmizdə turizm sahəsində çalışacaq peşəkarlara ciddi ehtiyac var. Hazırda bölgələrdə olan otellər kifayət qədər səriştəli kadr yetişdirə bimirlər. Bundan başqa bölgələdə yetərli sayda ulduz təsnifatı az olan, 1,2 ulduzlu otellərə ehtiyac duyulur. Həmçinin yetərincə savadlı bələdçilərin olmaması və qonşu ölkələrlə müqayisədə ölkəmizdə qiymətlərin baha olması fikirləri səslənir.

Azərbaycan turizmiminin sabahı, planlar, hədəflər

Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” Azərbaycanda turizmim gələcək hədəflərini müəyyənləşdirib.

Həmçinin əsas məqsəd 2025-ci ildən sonrakı dövrdə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadənin maksimuma çatdırılmasını təmin etməkdir.

2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış Azərbaycanın həm region ölkələri arasında, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilməsinə nail olmaqdır. Uzunmüddətli baxışın şərhi 2025-ci ilə qədər Azərbaycanda brendinq və marketinq tədbirlərinin həyata keçirilməsi, hava və quru yolları əlaqələrinin inkişafı, infrastrukturun yaxşılaşdırılması, turizm mərkəzlərinin və onların fəaliyyətinin, eləcə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və turizm sahəsində peşə təhsili istiqamətində bu baxış üzrə əsas nailiyyətlər əldə edilmiş olacaqdır. Bu müddət ərzində turizm sahəsində prioritetlər arasında tarazlı inkişafın təmin olunması əsas məqsəddir. Tarazlı inkişaf yanaşması həm Bakının potensialının reallaşdırılmasına, həm də regionlar üzrə turizm sektoruna investisiya qoyuluşuna (bununla da şəhər, sağlamlıq, qış və ekoloji turizm kimi sahələrdən başqa, dini, kruiz və çimərlik turizmi də daxil olmaqla müxtəlif turizm növlərinin inkişafına) səbəb olacaqdır. Bu investisiyalar 2020-ci ilədək bu Strateji Yol Xəritəsində müəyyən edilmiş prioritetlərin həyata keçirilməsini, o cümlədən təsirləri 2025-ci ilədək uzunmüddətli dövrü əhatə edəcək təşəbbüslərin icrasını da ehtiva edəcəkdir. Bu, Azərbaycanda beynəlxalq turizmi genişləndirməyə və ümumi daxili məhsulda turizm gəlirlərinin payını artırmağa şərait yaradacaqdır. Bu istiqamətdə məqsədlərə nail olmaq üçün prioritet olaraq müəyyən edilmiş regionlarda brendinq və marketinq tədbirlərini həyata keçirmək məqsədilə Milli Turizm Təbliğat Bürosunun nəzdində şəhər büroları təsis ediləcəkdir. Bürolar daha çox yerli və xarici turistlərin cəlb edilməsinə və onların Azərbaycana olan səfərlərinin tezliyinin artırılmasına kömək edəcəkdir. Bu bürolar turistlər və səyahətlər haqqında məlumat bazasının yaradılmasını və idarə edilməsini də təmin edəcəkdir. 2025-ci ildən sonra bürolar Azərbaycana səfər edən turistlər ilə bağlı ümumi məsələlərin təhlil edilməsinə və brendinq tədbirlərinin məqsədə müvafiq qaydada təşkilinə kömək edəcəkdir. 2020-ci ilədək müəyyən edilmiş prioritetlərdə nəzərdə tutulmuş qaydada Bakı üzrə həyata keçiriləcək məlumatlara əsaslanan (“data-driven”) marketinq fəaliyyətləri pilot xarakteri daşıyacaq və 2025-ci ilə qədər müddətdə daha da gücləndiriləcəkdir. Ümumi tələb xüsusiyyətlərini və turist seqmentlərini müəyyən etmək məqsədilə Milli Turizm Təbliğatı Bürosu hədəf ölkə qruplarında potensial turistlərlə və Azərbaycana səfər edən digər turistlərlə əlaqədar tədqiqatlar aparacaq. Artan turist maraqlarının təhlili həyata keçirilməklə, 2025-ci ilə qədər qarşıya qoyulan məqsədlərə nail olmaq məqsədilə yeni bazar iştirakçıları və turistlər üçün ən yaxşı turizm məkanlarından birinə çevrilməsi istiqamətində Bakının mövqeyi daha da yaxşılaşdırılacaqdır. Daha çox birbaşa xarici investisiya cəlb etmək məqsədilə Azərbaycanda sadələşdirilmiş hüquqi və inzibati proseslər, həmçinin müvafiq tənzimləyici dəyişikliklər nəticəsində əlverişli mühit yaranacaqdır. Turizm assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesi nəzərdən keçiriləcək və gələcək perspektivdə görünə bilən bütün maneələrin aradan qaldırılmasına səy göstəriləcəkdir. Mədəni ornamentlərin və unikal əşyaların istehsalı və satışı həyata keçirilməklə, bu turizm məkanlarının daha yaxşı təbliğinə nail olunacaqdır. Əvvəlcə qonşu ölkələrdən başlamaqla, Naftalan neftindən istehsal edilmiş kosmetik vasitələrin Azərbaycandakı sağlamlıq mərkəzlərinə gələn turistlərə xatirə rəmzi kimi satışı və digər ölkələrə ixracı təmin olunacaqdır. Bununla yanaşı, Azərbaycanın xalça, çay və misgərlik məhsulları kimi digər nadir mədəni məhsulları da bu hədəf ölkələrə ixrac olunacaqdır. Bu, Azərbaycanın iqtisadiyyatı üçün əlavə gəlir mənbəyi olmaqla bərabər, bütövlükdə, Azərbaycan məhsullarının ölkədən kənarda tanınmasına da şərait yaradacaq və Azərbaycan turizminin nüfuzunu artıracaqdır. 2025-ci ilə qədər Azərbaycanın yerləşdiyi region daxilində ən hərəkətli hava limanlarından birinə malik olması məqsədi qarşıya qoyulacaq və bu çərçivədə prioritet kimi Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 49-dan 100-ə çatdırılması hədəflənəcək. Hədəf bazarlardan daha çox turistin cəlb edilməsi məqsədilə qış və yay turizm mövsümü ərzində çarter reyslərinin də sayının artırılması əsas götürüləcəkdir. Əsas diqqət aşağı büdcəli uçuşlar vasitəsilə sərnişin 22 daşımalarına yönəldilməklə, hava limanlarına da investisiya qoyuluşları təmin ediləcəkdir. 2025-ci ilə qədər Azərbaycanda mükəmməl turizm təcrübəsinə nail olmaq üçün qarşıya qoyulan uzunmüddətli təşəbbüslər istiqamətində regionlarda və Bakıda təkmilləşdirilmiş turizm infrastrukturunun qurulmasına nail olunacaqdır. Mövcud olan aşağı büdcəli yerləşdirmə vasitələrinin (məsələn, böyük mehmanxana şəbəkələrinin aşağı büdcəli brendlərinin, hostellərin) şaxələndirilməsi təmin ediləcək və bununla da mövcud obyektlərə tələbin artması ilə yanaşı, paralel olaraq yeni turizm obyektlərinin yaradılmasına şərait yaranacaqdır. Turizm sektoru infrastruktur baxımından inkişaf etdikcə, yerli xidmətlərə daha çox diqqət yönəldiləcəkdir. Bəzi yerli kommersiya şirkətləri əsas biznes fəaliyyətindən əlavə, rekreasiya və əyləncə obyektləri kimi geniş turizm xidmətləri təklif edən turizm konqlomeratları kimi də formalaşacaqdır. Sektorda yerli iştirakın güclənməsi regional turizmin artımına ciddi təsir etməklə bərabər, həm də Azərbaycanda xidmətlərin keyfiyyətinə və rəqabətqabiliyyətliliyinə töhfə verəcəkdir. Bu da, öz növbəsində, ölkənin turizm agentliklərinin dünya standartları səviyyəsinə çatmasına, ölkədən kənarda, xüsusilə Qafqaz, Orta Şərq və Şərqi Avropa regionlarında tanınmasına səbəb olacaqdır. 2025-ci ilə qədər Azərbaycan artıq sağlamlıq, qış, mədəni və ekoturizm kimi bir çox ixtisaslaşmış turizm növləri üzrə kifayət qədər tanınmış olacaqdır. Bundan başqa, milli parkların, görməli və dini yerlərin dünya miqyasında tanınmasına, eləcə də Azərbaycanın xarici və yerli turistlər arasında tanınmış turizm mərkəzinə çevrilməsinə səy göstəriləcəkdir. Şimaldən qərbə doğru uzanan “Böyük İpək Yolu” və digər mədəni marşrutlar Azərbaycanın mədəni irsini əks etdirən tarixi kəndləri də əhatə etməklə məşhur ekoturizm mərkəzi olacaqdır. Azərbaycan 2025-ci ilədək müxtəlif turizm tədbirlərinə ev sahibliyi edəcək, özünün yüksəkkeyfiyyətli qış idman kompleksləri, xüsusi sağlamlıq turizmi imkanları, unikal təbii gözəllikləri, parkları, dini və kənd turizmi sahəsində mədəni irsinə görə tanınacaqdır. Bir çox fərqli və etnik mədəniyyət komponentlərinin qorunub saxlanıldığı Azərbaycan kəndləri müasir dünyanın təsirindən kənarda qalmış ənənəvi irsi görməyə maraqlı olan turistlər üçün əsas cəlbedici məkan olacaqdır. Bununla yanaşı, Azərbaycanda potensial turizm bazasından istifadə etmək üçün dini məkanlar da təşviq ediləcəkdir.

Hazırda ölkə rəhbərliyi səviyyəsində ölkə turizminə diqqət və qayğının olması, eyni zamanda səmərəli fəaliyyəti ilə seçilən Dövlət Turizm Agentliyionu deməyə əsas verir ki,  qarşıya qoyulan məqsədlərə çox qısa zamanda nail olunacaq.

Məqalə Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir.

                               Müəllif: Xeybər Heydərov

Digər xəbərlər