Banner

Turizm

"Buta Airways" Bakı-İstanbul-Bakı üzrə bilet satışına başlayır - QİYMƏTLƏR

"Buta Airways" Bakı-İstanbul-Bakı üzrə bilet satışına başlayır - QİYMƏTLƏR | FED.az
13:14 4 Mart 2021

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli  aviaşirkəti Bakıdan Türkiyənin daha bir şəhərinə - İstanbula yerinə yetiriləcək xüsusi reyslərə aviabilet satışına başlayır.

Eləcə də bax: "Buta Airways" Tbilisiyə uçuşlara başlayır – TƏLƏBLƏR

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən FED.az-a daxil olmuş məlumata görə, Martın 18-dən etibarən aviaşirkət Bakı-İstanbul-Bakı marşrutu üzrə aviaəlaqəni bərpa edir.

Uçuşlar Sabiha Gökçen (IATA: SAW) hava limanına həyata keçiriləcək. Aviaşirkət tərəfindən Türkiyənin ən böyük şəhərinə xüsusi reyslər həftədə iki dəfə – bazaar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super".

Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir.

"Super" tarifinə  (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri  üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir.

Əl yükü qismində təyyarə salonuna yalnız qadın çantası, kişi portfeli, portativ kompyuter çantası (təyinatı üzrə istifadə edilməsi şərtilə) və uşaq qidası götürülə bilər. Digər növ əl yükünün, o cümlədən Duty Free mağazalarından alınan əşyaların salona götürülməsi qadağandır.  

Bakı-İstanbul-Bakı marşrutu üzrə reysə biletləri (“Super” və “Standart” tarifləri üzrə) aviaşirkətin rəsmi saytında, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Pandemiya dövründə qeyd edilən reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalında  xidmət göstəriləcəkdir. 

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş  icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Banner
Banner

Digər xəbərlər