Banner

Vergilər

Azərbaycanda rekord məbləğdə vergi yığılıb - «REAL DÖVRİYYƏNİ GÖRMƏYƏ BAŞLAMIŞIQ»

Azərbaycanda rekord məbləğdə vergi yığılıb - «REAL DÖVRİYYƏNİ GÖRMƏYƏ BAŞLAMIŞIQ» | FED.az
09:00 3 May 2021

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda özəl sektordan rekord məbləğdə vergi toplanılıb.

Vergi daxilolmalarında ən yüksək artım - Rabitə Sahəsində Olub

Bu barədə FED.az-a Dövlət Vergi Xidmətindən bildirilib. Xidmətdən FED.az-a bildirilib ki, koronavirus səbəbindən tətbiq edilən sərt karantin rejiminin qismən yumşaldılması, biznesin fəaliyyətini tədricən bərpa etməsi, həmçinin vergitutma bazasına nəzarətin güclənməsi nəticəsində vergi yığımları artıb.

Özü də artım həm neft, həm də  qeyri-neft sektorunda baş verib.

Cari ilin birinci rübündə qeydiyyata alınmış vergi ödəyicilərinin sayının, o cümlədən aktiv ödəyicilərin, habelə aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, eləcə də iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin artımı vergi daxilolmalarına müsbət təsir edib.

Belə ki, 2021-ci ilin yanvar-mart aylarında 2 milyard 85,7 milyon manat vergi, 925,6 milyon manat DSMF və işsizlikdən sığorta haqları toplanılıb.

Toplanan vergilər proqnozdan 21,1 faiz, və ya 363,9 mln manat artıq olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45,78 milyon manat çox vergi toplanıb.

 

Hər 4 manatdan 3-ü qeyri-neft sahəsindən daxil olub

Vergi daxilolmalarının 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin birinci rübü ilə müqayisədə 3,7% artıb.

Vergi xidməti bildirir ki, Azərbaycanda neft hasilatının nisbətən aşağı düşməsinə baxmayaraq, dünya bazarında neft bahalaşdığına görə, neft-qaz sektorundan yığılan  vergilər də  artıb. 2021-ci ilin birinci rübündə neft-qaz sahəsindən 574,9 milyon manat toplanıb. Bu - proqnozlara nisbətən 36,2 faiz artıqdır, büdcəyə nəzərdə tutulandan 152,7 milyon manat artıq vəsait daxil olub.

 

Qeyri-neft sektorundan gözləniləndən 211 milyon manat artıq vergi yığılıb

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz və ya 109,2 milyon manat artaraq 1 milyard 510,8 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 16,2 faiz artıqlaması ilə icra olunub, yəni proqnozdan əlavə 211,1 milyon manat vergi toplanıb.

 

Qeyri-neft-qaz sektoru üzrə birinci rübdə toplanan vergilərin məbləği tarixdə ən yüksək birinci rüb göstəricisidir.

Cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunun özəl bölməsindən 1,1 mlrd. manat məbləğində vergi yığılıb, daxilolmalar 15,8 faiz artıb. Özəl bölmənin qeyri-neft-qaz sektorundan ümumi daxilolmada payı 70,8 faizdən 76,1 faizə yüksəlib.

 

Ən çox ƏDV və mənfəət vergisi toplanıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında proqnozlara nisbətən daha çox yığım əsasən ƏDV, mənfəət və gəlir vergisi üzrə qeydə alınıb.

ƏDV daxilolmalarında proqnoza nisbətən 28,1 faiz, mənfəət vergisi üzrə 25,7 faiz, gəlir vergisi üzrə 4,2 faiz, sadələşdirilmiş vergi üzrə 9,4 faiz daha çox vəsait daxil olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ƏDV üzrə artım 10,1 faiz, aksizlər üzrə 42,6 faiz, mənfəət vergisi üzrə 11,2 faiz, gəlir vergisi üzrə 3,6 faiz, mədən vergisi üzrə 29,3 faiz, torpaq vergisi üzrə 36,2 faiz, əmlak vergisi üzrə 3,6 faiz təşkil edib.

Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, topraq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 faizə, mənfəət vergisi üzrə 29,1 faizə, gəlir vergisi üzrə 18,1 faizə, aksizlər üzrə 6,2 faizə qalxıb. Vergi Xidməti deyir ki, belə artımın səbəbi dövriyyənin şəffaflaşdırılması ilə bağlıdır.

 

«Real dövriyyəni görməyə başlamışıq»

Bəzi sahələrdə yığılan vergilər daha sürətlə artıb. Məsələn, ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5 faiz), sənaye sektorunda (23,1 faiz), xidmət sektorunda (15,7 faiz), ticarət sahəsində (2,5 faiz), digər fəaliyyət sahələrində (6,6 faiz) qeydə alınıb.

Xidmətdən bildirilir ki, belə artımın səbəbi görülən tədbirlər nəticəsində real dövriyyənin «görünməsidir».

Banner
Banner

Digər xəbərlər