Vergilər

Verginin «qara siyahısı»na kimlər düşəcək? – MƏLUM OLDU – YENİ ŞƏRTLƏR

Verginin «qara siyahısı»na kimlər düşəcək? – MƏLUM OLDU – YENİ ŞƏRTLƏR | FED.az
21:48 28 İyul 2020

Nazirlər Kabineti Azərbaycanda əksər vergi ödəyicilərinin və vergi mütəxəssislərinin səbirsizliklə gözlədiyi sənəd qüvvəyə minib.

Eləcə də bax: Azərbaycanda 5-dən artıq şirkətin direktoru olmaq – QADAĞAN EDİLİR? – YENİ QAYDA

FED.az xəbər verir ki, Nazirlər Kabğineti «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları»nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Xatırladaq ki, «riskli vergi ödəyicisi» anlayışı Azərbaycanın vergi qurumunun nəzarət tədbirlərində artıq bir neçə ildir tətbiq edilir. «Riskli vergi ödəyicisi» dedikdə vergidən yayınmaq məqsədilə şübhəli əməliyytalar aparan şəxslər nəzərdə tutulurdu.

Eləcə də bax: Riskli vergi ödəyicisini gözləyən - 7 BÖYÜK PROBLEM

Yeri gəlmişkən, hələ 1 il əvvəl «riskli vergi ödəyicisi» anlayışı aktiv tətbiq ediləndə və sistemdə bəzi ödəyicilərin «riskli qrupuna» aid edildiyi görünməyə başlayanda keçmiş Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov FED.az-a bildirmişdi ki, belə görüntü digər ödəyiciləri xəbərdar etmək üçündür ki, belələri ilə iş görüb özlərinə problem yaratmasınlar: «Biz onları risk qrupuna ona görə daxil edirik ki, normal veri ödəyiciləri sonradan onlarla iş görüb, o risk qrupuna düşməsinlər. Həmin ödəyicilərə məktub da gedir və izah olunur ki hansı səbəbdən bu vəziyyət yaranıb (yəni risk qrupuna düşüblər)». Həmin vaxt N.Şirinov riskli vergi ödəyicilərinin hansı meyarlarla müəyyən edildiyini açıqlamamışdı. Onun sözlərinə görə, «belə alqoritmlər hər bir vergi administrasiyasında gizli saxlanılır. Yəni riskli vergi ödəyicilərinin hansı alqoritmlə müəyyən edilməsi sirrdir. Bu alqoritmlər açıqlansa, pozuntuya yol verən ödəyicilər bu siyahya düşməkən yayına bilərlər».

Eləcə də bax: Riskli vergi ödəyicilərinin – BİZNESİ ÇÖKƏ BİLƏR – XƏBƏRDARLIQ

Hərçənd, hüquqşünaslar elə o vaxt bildirirdilər ki, bu alqoritmlər açıqlanmadan «riskli vergi ödəyicilərinin» müəyyən edilməsi qeyri-şəfaflığa səbəb ola bilər. İndi isə Nazirlər Kabineti bu meyarları – yəni risk yaradan əməliyyatları, və belə əməliyyat apararaq riskli vergi ödəyicisi statusu «qazanan» ödəyicilərə qarşı hansı tədbirlərin görüləcəyini dəqiqləşdirib. 

Beləliklə, Nazirlər Kabinetinin qərarına əsasən, aşağıdakı şəxslər riskli vergi ödəyicisi sayılacaqlar:

1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar satması aşkra edildikdə.

3. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz (yəni heç bir məhsul və ya mal olmadan kağız üzərində) əməliyyatlar aparması aşkar edildikdə.

4. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti olmadıqda, və yaxud anbarın və ya təsərrüfat subyektinin sahəsi idxal və ya əldə edilən malların həcminə uyğun gəlməyəndə.

5. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların -  vergi nəzarəti zamanı - satıldığı aşkar edildikdə.

6. vergi ödəyicisinin satış məqsədi üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda;

Məsələ təkcə həmin şirkətlər və ya şəxslərlə bitmir

Məsələ təkcə həmin şirkətlər və ya şəxslərin özü ilə bitmir. Yeni qərara görə, riskli vergi ödəyicilərinin «işgüzar qohumları» da «qara siyahı»ya düşəcəklər.

1) yuxarıda sadalanan hallara görə riskli vergi ödəyicisi sayılan fiziki şəxs başqa bir hüquqi şəxsin təsisçisi və ya icra orqannın rəhbəri olarsa, həmin hüquqi şəxslər də riskli vergi ödəyicisi sayılacaq.

2) eləcə də yuxarıda göstərilən hallara görə riskli vergi ödəyicisi olan hüquqi şəxslərin – təsisçilərinin və direktorunun təsis etdiyi və ya rəhbəri olduğu digər hüquqi şəxslər də riskli vergi ödəyicisi sayılacaq. 

3) və ən maraqlı məqam – qaydalara görə, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyicisi sayılacaq.

«Riskli vergi ödəyiciləri»nin «şərəf lövhəsi»

İndiyədək hansı şəxsin və ya şirkətin riskli vergi ödəyicisi olduğunu onlarla əməliyyat aparan şəxslər görə bilirdi. İndi isə belə vergi ödəyicilərini bütün respublika, eləcə də potensial xarici partnyorlar tanıyacaq. Belə ki, qərara əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.

Eləcə də əvvəlki qayda qüvvəsində qalır - Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur (necə ki, indiyədək bu vardı).

 

Riskli vergi ödəyicilərini nə gözləyir?

Xatırladaq ki, qanunvericiliyə edələn dəyişikliklərdə riskli vergi ödəyicilərinə qarşı sərt tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki, 

1. riskli vergi ödəyicisi haqqında məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunmayacaq, yəni kütləvi yayıla biləcək.

2. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda növbədənkənar səyyar vergi yoxlaması aparıla biləcək.

3. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas yaranır.

4. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq.

5. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması mümkün olmayacaq.

8. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması riskli vergi ödəyicilərinə münasibətdə vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq ediləcək.

9. Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə biləcək.

10. Riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməyəcək (yəqin ki, gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd kimi də hesab etməyəcəklər).

11. Əvəzləşdirilən vergi məbləği riskli vergi ödəyicilərinə münasibətdə vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq ediləcək.

Digər xəbərlər