Bank

"Bank Standard"ın talan olunmasına - MƏRKƏZİ BANK DA GÖZ YUMUB» - KREDİTORLAR KOMİTƏSİ

"Bank Standard"ın talan olunmasına - MƏRKƏZİ BANK DA GÖZ YUMUB» - KREDİTORLAR KOMİTƏSİ | FED.az
15:33 10 Yan 2020

Hazırda ləğvetmə prosesində olan və əmanətlərin böyük hissəsinin hələ də qaytarılmadığı «Bank Standart»da bu vəziyyətin yaranmasında Mərkəzi Bankın (AMB) düzgün nəzarət etməməsinin də rolu var, «faktiki olaraq AMB bankın talan olnmasına göz yumub».

Eləcə də bax: "“Bank Standard”ın verdiyi kreditlərlə bağlı - 2 582 MƏHKƏMƏ PROSESİ GEDİR"

FED.az xəbər verir ki, bunu «Bank Standart»ın kreditorlarının Komitəsinin sədri Şahin Əhmədov Komitəsinin yanvarın 9-da Əmanətlərin Sığortalanması Fondunda təşkil ediən iclasında FED.az-a bildirib.

Şahin Əhmədov qeyd edib ki, iclasın sonunda yekun qərar olaraq əmanətçilərə bildirilib ki, hələ ki, ikinci ödəniş mərhələsi olmayacaq. Çünki Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunub və salahiyyətlər Mərkəzi Banka verilib.

«Bundan sonra pulların yığılması və s. məsələlərə Mərkəzi Bank nəzarət edəcək».

Bununla yanaşı, komitə sədri Mərkəzi Bankın bu prosesdə iştirakı ilə bağlı o qədər də optimist deyil: «AMB bir dəfə banklara nəzarət edib və bütün bankları bankrot edib. Vaxtı ilə «Bank Standart»ın talan olunmasına Mərkəzi Bank da göz yumub. O zaman Mərkəzi Bank rəsmisi çıxış edərək bildirmişdi ki, banka 115 milyon dollar ayrılıb və hər şey qaydasındadır. Lakin bu bəyanatdan bir neçə gün keçəndən sonra «Bank Standart» bağlandı. Maliyyə Bazarlarına Nəzarət Palatasının o vaxtkı rəhbəri Rüfət Aslanlının bu pulları nəyə sərf etməsi də bilinmir. Çünki ləğv planında bu vəsaitlər göstərilməyib».

Qeyd edək ki, «Bank Standard»ın Keditorlar Komitəsi bankda vəsaiti batan fiziki və hüquqi şəxsləri birləşdirir. Komitənin əsas işi bankdan həmin vəsaitlərin geri alınmasına nail olmaqdır. Bunun üçün isə Komitə bankın vaxtilə müxtəlif şirkətlərə və şəxslərə ayırdığı və hələ də qaytarılmayan kredtlərin geri alınmasına çalışır.

Şahin Əhmədovun sözlərindən məlum olur ki, bankın batan kreditlərinin böyük hissəsi az saylı müştərilərə məxsusdur: Bankın batmasında 153 şəxs (hüquqi və fiziki şəxslər) günahkardır, onlar ətraflarında «zireh yaradıblar». Mən də onları tanımıram, amma fakt odur ki, bankın 1 milyard pulunun 80,31%-ni bu şəxslər aparıblar. Pulların 10%-ni də digər 200-dən bir qədər çox şəxs aparıb» - deyə Şahin Əhmədov bildirib.

Kreditorlar Komitəsinin sədri bildirir ki, «Bank Standard»da yaranan vəziyyətdə həm Palatanın, həm Mərkəzi Bankın həm də beynəlxalq auditor şiraəti olan KPMC-nin rolu var: «Vaxtı ilə KPMC beynəlxalq audit şirkəti  «Bank Standard»ı yoxlayıb və bankda vəziyyətin pisləşdiyini aşkar edib. Buna baxmayaraq Mərkəzi Bank «Bank Standard»ın işinə mane olmayıb və bank işini davam etdirib.

Bankın bu hala düşməsində bankın təsisçisi, rəhbər işçiləri, Mərkəzi Bank və KPMC-nin də rolu var».

Komitə sədrinin sözlərinə görə, bir neçə il əvvəl bankın müştəriləri KPMC şirkətini, Maliyyə Palatasını (Rüfət Aslanlı rəhbər olanda) və Mərkəzi Bankı məhkəməyə verib. Məhkəmədə həmin qurumlar arasında kimin günahkar olması barədə mübahisə başlayıb: «Kreditorlar Palatasının əvvəlki rəhbəri Əkrəm Həsənov KPMC-dən Auditorlar Palatasına rəsmi şikayət etmişdi ki, KPMC bankı düzgün yoxlamayıb. KPMC-dən isə cavab gəldi ki, biz yoxlamışıq, amma Mərkəzi Bank reaksiya verməyib».

Bundan başqa, Şahin Əhmədovun sözlərinə görə, məhkəmədə Mərkəzi Bankın rəsmisi bildirib ki, AMB «Bank Standard»ı ona görə yoxlamayıb ki, dövlət başçısı sahibkarları yoxlamağı qadağan edib: «Guya bu səbəbdən Mərkəzi Bank bir neçə il ərzində «Bank Standard»ı yoxlamayıb. Amma bu məlumat stenoqramda qeyd edilməyib. Sonradan Mərkəzi Bankın hüquqşünası da məhkəmədə dediyi bu sözü etiraf etmədi, halbuki məhkəmədə iştirak edən 30 nəfəri bunun şahidi idi».

Komitə sədri hesab edir ki, AMB prezidentin bu qərarından bəhanə kimi istifadə edir: «Bu qərar prezident tərəfindən humanist bir addım olub və qanun sahibkarlara aid edilib, banklara yox»-deyə Şahin Əhmədov bildirib.

Şahin Əhmədovun sözlərinə görə, «Bank Standard»ın uzun müddət ərzində bütün qaydaları pozduğunu Ali Məhkəmə də təsiqləyib: «Ali Məhkəmənin qərarında göstərilir ki, «Bank Standart» uzun müddət bütün təlimatları və standartları pozub, Mərkəzi Bank da buna reaksiya verməyib. Ona görə bank pis vəziyyət düşüb».

Kreditorlar Komitəsinin rəhbəri bildirir ki, bankda vəsaitlərini ala bilməyənlər dövlət başçısına müraciət ünvanlayıblar: «Cənab prezident çıxışlarında deyib ki, mənə deyirlər hər şey yaxşıdır, amma hər şey yaxşı deyil. Həqiqətən bank sektorunda heç də hər şey yaxşı deyil».

Ş.Əhmədovun sözlərinə görə, bankın ləğv planında kreditlərin təminatsız verildiyi göstərilib: Ləğv planında göstərilir ki, «Bank Standard» kreditləri qeyri-işlək, böyük hissəsi faizsiz, bir böyük hissəsi isə zaminsiz verilib . Bu necə olur? Yəqin hüquq mühafizə orqanları bu işlə məşğuldurlar. Əmanətçilər arasında, övladı üçün təhsil haqqı yığanlar, yaşlı adamlar var ki, qəpik-qəpik pulu yığıb banka yerləşdirib, indi həmin pullar batıb».

Komitə sədri bildirir ki, dövlət «Bank Standart»ın əmanətçilərinə pulların qaytarılması üçün 467 milyon manat vəsait ayırıb və ADİF bu pulla bankın əmanətçilərinə birinci hissə ödənişləri verib: «Bunlar arxayındırlar ki, dövlət yenə onların yerinə pul verəcək,  bunlar da amnistiya alacaq və azadlığa çıxacaqlar»-deyə- Şahin Əhmədov bildirib. 

FED.az məqalədə qeyd edilən məlumatlara Azərbaycan Mərkəzi Bankının münasibətini öyrənmək üçün AMB-ə sorğu ilə müraciət edib. Hələlik münasibət açıqlanmayıb.

 

Digər xəbərlər

Banner